“AMEA-nın həqiqi üzvləri arasında gənc alimlərin olmasına qurumun institut və şöbə rəhbərləri imkan vermir”.
Bunu Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov AMEA-nın sayı 60-a çatan həqiqi üzvləri arasında 60 yaşdan aşağı bir alimin belə təmsil olunmamasına münasibət bildirərkən deyib.
Həmsöhbətimiz deyir ki, qurumda təmsil olunan yaşlı nəsl alimləri isə müasir dövrün innovativ tələblərinə cavab vermirlər:
“Bu gün Azərbaycan elmi dünyada və ölkəmizdə baş verən proseslərdə, yeniliklərdə iştirak etmir. Bunun da əsas səbəbi AMEA kimi elm mərkəzlərinin innovativ yeniliklərə cavab verməməsidir. Bu da orada təmsil olunanların mütləq çoxluğunun yaşlı nəslin nümayəndəsi olması ilə bağlıdır. AMEA-da təmsil olunan həqiqi üzvlərin demək olar ki, mütləq əksəriyyəti ingilis dilini bilmir, beynəlxalq tədqiqatlarda iştirak etmirlər.
AMEA-ya gənclərin gəlməsi və qurumun həqiqi üzvləri arasında gənc alimlərin yer almasına akademiyanın institut və şöbə rəhbərləri tərəfindən süni maneə yaradılır. Burada bir neçə institut rəhbəri qruplaşma yaradaraq, gənclərin elmi tədqiqat işlərinin müdafiəsinə süni əngəllər yaradır”.
Digər tərəfdən, həmsöhbətimizə görə, elmlə məşğul olan alimlərin aldığı aşağı əmək haqqı da gənclərin AMEA-da işləmələrinə stimul yaratmır:
“Bu gün ölkəmizdə 30 yaşdan aşağı elmlər doktoru yoxdur. Halbuki, Gürcüstan, İran və Türkiyədə belələrinə rast gəlirik. İcra hakimiyyəti, dövlət strukturlarında rəhbər vəzifələrdə olanların əksəriyyəti qısa yollarla elmi dərəcə alır. Amma həqiqətən elmlə məşğul olan insanlar bunun üçün on illərlə növbə gözləməli olur. Bu amil də AMEA-nın tərkibinin gəncləşməsinə maneə yaradır”.
Rüfət Sultan, Bizim.Media