“Baku Steel Company”nin həbsdə olan keçmiş direktoru Rasim Məmmədovun atasından EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: “Baku Steel Company”nin həbsdə olan keçmiş direktoru Rasim Məmmədovun atasından EKSKLÜZİV AÇIQLAMA

68288

1 il iki aydır hüquq mühafizə orqanları tərəfindən saxlanılan “Baku Steel Company”nin keçmiş direktoru Rasim Məmmədovun həbs müddəti bu ilin avqustuna qədər uzadılıb.

Bu barədə Rasim Məmmədovun atası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin  dekanı, professor Hikmət Məmmədov Bizim.Media-ya özəl açıqlamasında bildirib.

“Oğlumun həbs müddəti növbəti dəfə artırılaraq, bu ilin avqust ayına qədər uzadılıb. İstintaq hərəkətləri bitməyib və iş məhkəməyə göndərilməyib. Durumundan, səhhətindən, saxlanma şəraitindən xəbərsizik. Arada bir həyat yoldaşı təcridxanaya dəyişim üçün paltar göndərir”.

Hikmət Məmmədov Rasim Məmmədov barəsində olan ittihamlarla bağlı bunları bildirib:

"Oğlum “Baku Steel Company”nin rəhbəri olanda, işçiləri üçün bütün şəraitləri qururdu. Fəhlələrin güzəranını, yeməyini və vaxtı-vaxtında həkim müayinəsindən keçmələrini təmin edirdi. Gənc insandır, səhv edə bilərdi. Təmasda olmadığımız üçün konkret nədə ittiham olunduğunu, hansı əməllər törətdiyini də dəqiq bilmirik”.
 

MÖVZU İLƏ BAĞLI:

Həbsindən 4 ay keçən Rasim Məmmədovdan XƏBƏR VAR


Saytımıza danışan zərərçəkmiş Nazim Bəydəmirli isə Rasim Məmmədovla bağlı fikirlərini belə izah edib:

“Hər zaman demişəm, indi də deyirəm, Rasimin günahı yoxdursa, ad çəksin, mən də onlardan tələb edim. Kimin nə qədər günahı varsa, cəzasını da o qədər çəkməlidir. Zərərçəkmiş olaraq istintaq hərəkətləri ilə bağlı məlumat almaq hüququm var və bu barədə bir neçə dəfə Baş Prokurorluğa müraciət etmişəm”.

Sözügedən məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat katibi Kənan Zeynalov Bizim.Media-ya bildirib ki, Rasim Məmmədovun işi aidiyyəti qurumun araşdırmasındadır.  

Qeyd edək ki, Rasim Məmmədov barəsində bu il fevralın 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qəti imkan tədbiri seçilmişdi. Həbs edilən keçmiş şirkət rəhbəri Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
 

Xatırladaq ki, 2012-ci ilin iyun ayında “Baku Steel Company” şirkətinin sahibi kimi özünü qeyd edən, məşhur iş adamı Rasim Məmmədov özünün biznes monopoliyasına aid olan rəqiblərini qeyri-qanuni yollarla sıradan çıxarmaqda ittiham olunur.


O, sahibkarlara milyonlarla manat dəyərində ziyan vurması ilə də yadda qalıb. Zərər vurduğu sahibkarlardan biri də keçmiş deputat, iqtisadçı- alim Nazim Bəydəmirlidir. Keçmiş deputatın iddiasına görə Rasim Məmmədov sahibi olduğu Türkiyə-Azərbaycan birgə müəssisəsi olan “Ataxan” Dəmir Sənaye MMC-yə 5 milyon manat ziyan vurub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin