Brüssel görüşündə razılıq əldə oluna biləcək 2 MƏQAM – Fərhad Məmmədovdan PROQNOZ

Hazırda oxunan: Brüssel görüşündə razılıq əldə oluna biləcək 2 MƏQAM – Fərhad Məmmədovdan PROQNOZ

68258

Xəbər verdiyimiz kimi, bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş baş tutacaq.

Beynəlxalq və regional masştabda cərəyan edən proseslər fonunda görüşdən gözləntilərin böyük olması, eyni zamanda Rusiya Prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Entoni Blinkenin liderlərə telefon zəngləri görüşün nə qədər ciddi qarşılandığını sübuta yetirməsi, müəyyən razılıqların əldə olunmasına inamı daha da artırıb.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fərhad Məmmədovun sözlərinə görə, Azərbaycan İranla imzaladığı memorandumla Ermənistanı kommunikasiyalar məsələsində demək olar ki, çıxılmaz vəziyyətə salıb:

“Nəqliyyat-kommunikasiya mövzusu, Brüsseldə haqqında razılıq əldə oluna biləcək ən real mövzu variantıdır. Yəni Azərbaycan bu addımı ilə onu göstərdi ki, Ermənistanın prosesi ləngitmək cəhdləri, yeni şərtlə ortaya qoyması rəsmi Bakının öz istəklərinə nail olmasına maneə törətməyəcək. Azərbaycan birtərəfli qaydada öz gündəmində olan məsələləri həll edəcək. Belə olan halda sülh gündəliyi bitib. Çünki qərarlar yoxdur”.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün İlham Əliyevlə Nikol Paşinyan arasında görüş baş tutacaq - Brüsseldə 


Politoloqun fikrincə, həm Ermənistan hakimiyyətində, həm Qərbdə, həm də Rusiyada, artıq qərarları qəbul etmə vaxtının gəlib çatdığını anlayırlar:

“Gündəlikdə öz əksini tapan məsələlər məlumdur. Düşünürəm ki, həmin prinsiplərlə bağlı yol xəritəsi, yaxud Azərbaycan və Ermənistan liderlərinin çərçivə xarakterli bəyanatı qəbul oluna bilər (Gələcək sülh müqaviləsinin çərçivələri orada öz əksini tapacaq). Bu cür gözləntilər mövcuddur. Sözügedən fəallıq da bunu göstərir”.

Fərhad Məmmədov Avropa məhkəməsinin görüşdən bir gün öncə Ermənsitanın Azərbaycana qarşı iddiasını təmin etməməsinin Brüssel müzakirələrinə mümkün təsirini də şərh edib:

“Düşünürəm ki, hüquqi və siyasi məsələləri qarışdırmaq lazım deyil. Çünki Avropa məhkəməsi, əlbəttə, siyasi məqsədlər üçün istifadə olunub, amma bu, sırf hüquqi prosedurdur, nə dünən başlayıb, nə də sabah yekunlaşacaq. Bütün bunlar, məhkəmələrə müraciətlər Azərbaycan tərəfindən Ermənistana, eyni zamanda Ermənistan tərəfindən Azərbaycana qarşı təzyiq mexanizmləridir. Bu danışıqlar prosesində nəticəyə aparan yola təsir edən bir mexanizmdir. Bunun nə qədər səmərəli olacağına biz yaxın zamanlarda şahid olacağıq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin