Azərbaycan işğal edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi əməliyyatlarında xüsusi cihazlarla təhciz olunmuş dronlardan istifadə etməyə başlayıb. ABŞ istehsalı olan bu cihazların köməyi isə əməliyyatın sürətinə böyük təsir göstərir.
Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı, peşəkar istehkamçı – mütəxəsis Xaliq Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda davam edən proseslərə bu cihazın cəlb edilməsi, işi kifayət qədər sürətləndirir:
“Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilər və keçmiş təmas xətti boyunca neytiral hesab edilən ərazilər mürəkkəb mina sahələrindən ibarətdir.
Yəni Ermənistan ordusunun istehkamçıları buraya istənilən tip mina və “sürpriz” - partlayıcı maddələrdən ibarət tələlər tətbiq edib. Heyyət tərəfindən həmin ərazilərin kəşfi, yəni mina və sursatların dəqiq yerlərinin müəyyən edilməsi xeyli zaman aparır. Məhz buna görə də mina sahələrinin və partlamamış hərbi sursatların döyüş sahələrində aşkar olunması məqsədi ilə dronlardan və dronlar üzərinə quraşdırılmış eletromaqnik dalğalı, induksiyalı dalğalı kameralardan istifadə olunur. Həmin cihazları ərazi və sahələr üzərində uçurmaqla ərazinin kəşfiyyatı aparılır.
Yəni bu günkü gündə texniki heyyətlə partlamamış sursatla çirklənmiş ərazilər və mina sahəsində kəşfiyyat işi aparmaq xeyli zaman alır. Ancaq həmin dronlar vasitəsi ilə 100 hektara qədər ərazidə kəşfiyyat işini bir gün ərzində tamamlamaq mümkündür”, - deyir, Xaliq Hüseynov.
Bir sözlə hazırda minatəmizləmə əməliyyatına cəlb edilən PUA-lar çirkli ehtimal edilən ərazidə dəqiq mina sahələrini müəyyən edir və onun xəritəsini çıxarır.
Cihazlarda isə yanılma hallarının və qeyri-dəqiqliyin olmadığı bildirilir.
Əlavə olaraq onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə müxtəlif ölkələrin istehsalı olan minapartladan pilotsuz maşın və itlərin də köməyindən istifadə edilir ki, bu da heyyət nəfərlərinin həyatı təhlükəsini minumuma endirir.
Bizim.Media, Qarabağ Bürosu