Suriyada saxlanılan 7 azərbaycanlı ölkəyə qaytarıldı - XİN

Hazırda oxunan: Suriyada saxlanılan 7 azərbaycanlı ölkəyə qaytarıldı - XİN

67393

Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 7 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Bizim.Media Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, repatriasiya prosesi bu gün həyata keçirilib.

“Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub. Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.
Bununla bağlı İraq və Suriyada Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib. Nümayəndə heyəti tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilib. 

2022-ci ilin 31 mart tarixində Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycana repatriasiyası həyata keçirilib.

Azərbaycan hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib.

Bu prosesin reallaşmasında Türkiyə tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir”, - deyə XİN-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin