Rusiyanın Azərbaycan mediasına qarşı QƏRƏZİ – Bakı cavab tədbiri görəcəkmi?

Hazırda oxunan: Rusiyanın Azərbaycan mediasına qarşı QƏRƏZİ – Bakı cavab tədbiri görəcəkmi?

66755

Xəbər verdiyimiz kimi, Azərbaycanın Oxu.az xəbər portalının rusdilli versiyası Rusiya ərazisində bloklanıb. Maraqlıdır ki, Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) bu qərarilə bağlı saytın redaksiyasına da hər hansı xəbərdarlıq ünvanlamayıb.

Xatırladaq ki, bundan əvvəl Haqqın.az və Minval.az portalları da şimal qonşumuzun ərazisində eyni aqibətlə üzləşmişdi.

Rusiya nədən narahatdır?

Rusiyanın Azərbaycanın media orqanlarına qarşı atdığı bu addımlar isə ölkəmizdə heç də birmənalı qarşılanmayıb. Lakin aydın görünür ki, Roskomnadzorun qadağasının əsas səbəbi bloklanan saytlarda dərc olunan xəbərlərin Rusiyanın maraqlarına cavab verməməsidir. Xüsusilə də, Ukrayna müharibəsi ilə bağlı alternativ fikirlərə qarşı allergik reaksiya verən Rusiya hökumətinin söz azadlığını, demokratiyanın ən fundamental normalarını göz görə-görə tapdaması qəbuledilməzdir.
 

MÖVZU İLƏ BAĞLI:

Mətbuat Şurasından Rusiyada Azərbaycan saytlarının bloklanmasına REAKSİYA


Bəllidir ki, əksər Azərbaycan media orqanları kimi, sözügedən saytlar da Rusiya-Ukrayna konflikti ilə bağlı obyektiv mövqe tutublar. Lakin münaqişədə kimin haqlı-haqsız olması müzakirəmizin əsas predmeti deyil. Bəlli olan isə odur ki, Roskomnadzorun bu qərarını haqlı hesab etmək üçün bir dənə də olsun əsas yoxdur.

Eyni zamanda bu qərarın absurd olduğunu da diqqətə çatdırmalıyıq. Çünki günümüzdə rusiyalı oxuyucular VPN vasitəsilə asanlıqla sözügedən saytlara daxil ola bilərlər.

Vətən müharibəsinin informasiya təxribatları

Təbii ki, qüsurlu bənzətmə olsa da, oxşar təcrübəni Azərbaycan da 44 günlük Vətən müharibəsində yaşamışdı. Hamımızın xatirindədir ki, Azərbaycanın haqq savaşına qarşı Rusiya mətbuatında yalan-yalnış xəbərlərin, qeyri-obyektiv şərhlərin, açıqlamaların sayı hesabı yox idi. Lakin rəsmi Bakı hər nə qədər böhtan tərkibli olsa belə, özünə qarşı bu qarayaxma kampaniyasına cavab olaraq Moskvanın bu gün seçdiyi ritorikadan istifadə etmədi.

Nə Simonyanın “Russian Today”i, nə “Sputnik”i, nə Solovyovun absurd çıxışları Azərbaycanda bloklanmadı. Çünki Azərbaycan yeritdiyi siyasətin doğruluğuna əmin idi. Buna görə də, adı çəkilən media orqanlarının, əlavə olaraq “Kommersant”ın, “Regnum”un, “Vzglyat”ın da qeyri-obyektiv informasiyalarına qarşı tədbir görülmədi.

Hətta döyüş bölgəsinə gələrək, öz feyk xəbərləri ilə yaddaşlarda iz qoyan Semyon Peqovun “Wargonzo”su da ölkəmizdə bloklanmadı.
Lakin görünür, Rusiyanın özü öz mübarizəsinə şübhə ilə yanaşır. Çünki alternativ düşüncəyə qarşı bu qədər aqressiyanın səbəbini başqa cür izah etmək mümkün deyil.

Azərbaycanın cavab “kozırı”

Təəssüf ki, Rusiyanın bir sıra media qruplarının Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi bu günə kimi davam etməkdədir. Ən son örnək kimi isə, “Sputnik”in Azərbaycan şöbəsinə daha əvvəl qondarma Cənubi Osetiya respublikasında çalışmış baş redaktorun gətirilməsini yada sala bilərik. Bu cür təxribatçı addım qarşısında da Azərbaycan tərəfi Rusiyanın ritorikasından istifadə etmədi.

Lakin görünən qədərilə, Rusiyanın sözügedən davranışına qarşı cavab tədbirləri görmək artıq zərurətə çevrilib.

Ötən gün də şahid olduğumuz kimi, Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-in mövcud reallıqlardan uzaq açıqlamalarına lazımi cavabı verdi. Eyni qaydada saytlarımıza qarşı sərgilənən mövqeyə müvafiq cavabın verilməsi də mühüm önəm kəsb edir.
Onu da əlavə edək ki, “Sputnik”in Azərbaycan şöbəsinə sözügedən təyinatla bağlı lazımi tədbirlərin görülməsi üçün redaksiyamız Medianın İnkişafı Agentliyinə sorğu ünvanlasa da, qurum sözügedən məsələnin səlahiyyətlərinə aid olmadığını bildirməklə kifayətlənmişdi.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin