İsveçrə və İsrailin bəzi bölgələrindən heyvan mənşəli və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub.
Qida Təhlükəsizliyi Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsveçrə Konfederasiyasının Jura inzibati ərazi vahidində Nyukasl, İsrail Dövlətinin Qüds, Hayfa və Cənub dairələrində isə dabaq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İsrailin Qüds, Hayfa və Cənub dairələrindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti qadağa qoyulub.
MÖVZU İLƏ BAĞLI:
Bu il Azərbaycana 5657 çeşiddə məhsul gətirilib
Eyni zamanda İsveçrənin Jura inzibati ərazi vahidindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş əti və hər növ quşçuluq məhsulları (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə habelə İsveçrə və İsraildən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bizim.Media