“Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Dezinfeksiya stansiyaları (“Bakı şəhər dezinfeksiya mərkəzi” PHŞ və onun bütün Bakı şəhərini əhatə edən 3 rayonlararası bölməsi, Gəncə, Sumqayıt, Mingəçevir, Cəlilabad və Masallı şəhərlərinin dezinfeksiya stansiyaları), digər şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin nəzdində fəaliyyət göstərən dezinfeksiya bölmələri, habelə təsərrüfat hesablı profilaktik dezinfeksiya şöbələri ölkədə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərini həyata keçirən əsas qurumlardı”.
Bizim.Media-nın xəbərinə görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev bildirib.
Onun sözlərinə görə, hər hansı bir yoluxucu xəstəlik hadisəsi barədə ərazilərin gigiyena və epidemiologiya mərkəzlərindən daxil olan məlumatlar (sifarişlər) əsasında yuxarıda qeyd edilən qurumlar tərəfindən xəstəlik hadisəsi baş vermiş məkanlarda (evdə, iş yerində, kollektivdə və s.) tamamlayıcı dezinfeksiya aparılır, o şərtlə ki, yoluxucu xəstələr həmin məkanlardan xəstəxanalara köçürülmüş olsun.
Xəstələrin aşkar edildiyi məkanlarda (evdə, olduğu yerdə və s.) təcrid olunduğu hallarda xəstəyə qulluq edən şəxslər, yaxud xəstələrin özləri (simptomsuz xəstələr) tərəfindən cari dezinfeksiya işləri aparılmalıdır.
Bu hallarda xəstələrin olduqları ərazilər üzrə dezinfeksiya stansiyaları, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xəstələrə, xəstə yaxınlarına cari dezinfeksiya aparılması qaydaları barədə metodik köməklik göstərilməlidir:
“İstənilən idarə, müəssisə və təşkilat profilaktik məqsədlə yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə dezinfeksiya işlərinin aparılması üçün müqavilələr bağlaya bilərlər. Dezinfeksiyaedici vasitədən istifadə edilərkən ilk növbədə həmin vasitənin istehsalçısı tərəfindən tərtib edilən təlimatlara əməl edilməsi vacibdir.
Dezinfeksiyaedici vasitənin təlimatına uyğun olaraq müəyyənləşdirilən müddət ərzində (bu müddət barədə dezinfeksiyanı həyata keçirən qrupun rəhbəri tərəfindən qapalı məkanın cavabdeh şəxsinə xəbərdarlıq edilməlidir) dezinfeksiya edilən qapalı məkanda dezinfeksiyanı aparanlardan savayı digər şəxslərin olmasına yol verilmir.
Məqsəd qapalı məkanlarda aparılan dezinfeksiya zamanı dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirindən insanların sağlamlığının mühafizəsinin təmin olunmasıdır.
Xüsusən çiləmə, püskürtmə üsulları ilə aparılan tamamlayıcı dezinfeksiya zamanı yaranan kiçik damlaların tərkibində olan aktiv maddənin, məsələn, xlorun təsirindən gözlərin zədələnməsi, tənəffüs yollarının, dərinin qıcıqlandırılması kimi sağlamlıq problemləri baş verə bilər. Ümumilikdə isə dezinfeksiyaedici maddələrin orqanizmə zərərli təsir dərəcəsi hər bir dezinfeksiyaedicinin tərkibində olan aktiv maddənin toksiklik dərəcəsindən, qatılığından (konsentrasiyasından) asılı ola bilər”.
V. Avdullayev qeyd edib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan dezinfeksiya xidməti tərəfindən şəxsi mənzillər və yaşayış binaları xəstələrin xəstəxanalara aparılmasından sonra tamamlayıcı dezinfeksiya edilir.
Şəxsi mənzillərdə və yaşayış binalarında yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə bağlanmış müqavilələr üzrə ödənişli əsasda profilaktik dezinfeksiya işləri aparıla bilər.
Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan, müasir tələblər səviyyəsində təchiz olunmuş dezinfeksiya xidməti tərəfindən COVID-19 infeksiyasının yayılmasına qarşı effektiv mübarizə məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında ölkənin demək olar ki, bütün təhsil müəssisələrində dezinfeksiya işləri həyata keçirilib.
Xəstələrin evdə qalması halında, yaxud profilaktik məqsədlə dezinfeksiya zamanı təmizlik işlərinin aparılması qaydalarına və prinsiplərinə ciddi əməl edilməli, ilk növbədə otaqda olan bütün əşyaların səthləri sabunlu yaxud yuyucu vasitəli su ilə təmizləndikdən sonra dezinfeksiyaedici məhlulla isladılmış təmiz əski ilə silinməklə dezinfeksiya olunmalıdır.
COVID-19 infeksiyası törədicilərinə qarşı mübarizədə səthlərin cari dezinfeksiyasının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə natrium hipoxloritin 0,1 %-li məhlulundan və 70-90 %-li spirtdən istifadə edilməsi məqbul hesab olunur.
Məişətdə istifadə üçün nəzərdə tutulan və ticarət müəssisələrində satılan xlor tərkibli vasitələrdən də istifadə edilməsi məqsədəuyğundur. Cari dezinfeksiyanın aparılması zamanı maska və əlcəkdən istifadə olunmalı, ağız, burun, üz və dəri səthinə toxunulmamalıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:58 / 28.12.2020
''Xlor tərkibli vasitələr dezinfeksiya üçün yararlıdır'' - Səhiyyə Nazirliyi
Hazırda oxunan: ''Xlor tərkibli vasitələr dezinfeksiya üçün yararlıdır'' - Səhiyyə Nazirliyi
Hazırda oxunan: ''Xlor tərkibli vasitələr dezinfeksiya üçün yararlıdır'' - Səhiyyə Nazirliyi
6606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.