Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan sabiq baş mühasibi Pərviz İsgəndərov və onun tanışları - Qalib Ələsgərovla Malik Nəsirova hökm oxunub.
Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə P.İsgəndərov 9 il 6 ay, Q.Ələsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Q.Ələsgərovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həb olunub.
Digər təqsirləndirilən M.Nəsirov isə 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, DSMF-nin Cəlilabad rayon şöbəsinin sabiq baş mühasibi P.İsgəndərov və tanışları 2020-ci ilin may ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində P.İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Daha sonra onun və tanışları Q.Ələsgərovla M.Nəsirovun digər cinayət əməlləri üzə çıxıb.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P.İsgəndərovun barəsində həbs qətimkan tədbiri, Q.Ələsgərovla M.Nəsirovun barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:19 / 21.03.2022
Rüşvətə görə saxlanılan məmura hökm oxundu
Hazırda oxunan: Rüşvətə görə saxlanılan məmura hökm oxundu
Hazırda oxunan: Rüşvətə görə saxlanılan məmura hökm oxundu
65911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.