Prezidentin Suqovuşandan verdiyi MÜHÜM MESAJLAR

Hazırda oxunan: Prezidentin Suqovuşandan verdiyi MÜHÜM MESAJLAR

65858

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Tərtər rayonun Suqovuşan kəndinə səfər ediblər. 

Novruz bayramını erməni tapdağından azad olunmuş kənddə qeyd edən ölkə başçısı öz təbriklərini və mesajlarını da bütün dünya ictimaiyyətinə çatdırıb.

Əvvəla onu bildirməliyik ki, İlham Əliyevin milli bayramımızı Suqovuşanda qeyd etməsinin özü belə mühüm mesaj kimi qəbul olunmalıdır. Xatırladaq ki, Prezident ötən il də bayramı işğaldan azad olunmuş digər yaşayış məntəqəsində - Şuşada qeyd etmişdi. İki məntəqə arasında oxşar nüans isə ondan ibarətdir ki, bu ərazilər keçmiş Dağlıq Qarabağ ərazi vahidinin tərkib hissəsi olub. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Suqovuşan səfəri xarici KİV-lərin DİQQƏT MƏRKƏZİNDƏ 


Azərbaycan Prezidenti milli bayramımızı bu ərazilərdə qeyd etməklə onu göstərdi ki, artıq separatçı ünsürlər bu bölgələrdən gözlərini birdəfəlik çəkməlidirlər. Çünki bu bölgələr Azərbaycanın tarixi torpaqlarıdır və gələcəkdə bu reallığı heç bir güc dəyişdirə bilməz. 

Digər diqqət çəkən nüans isə, Prezidentin bir sıra sosial infrastruktur layihələrinin açılışında iştirak etməsi ilə bağlı idi. Ölkə başçısının bu addımı həm Azərbaycan xalqına Böyük Qayıdışla bağlı bayram müjdəsi, həm də bütün dünyaya ölkəmizin yenidənqurma işlərini hansı sürətlə davam etdirdiyinin nümayişi kimi qəbul oluna bilər. Bundan əlavə, keçirilən avarçəkmə turnirini də diqqətdən kənar saxlamaq olmaz. Çünki bu faktiki olaraq işğaldan azad edilmiş ərazilərin həm idman yarışları üçün yüksək potensialının, eyni zamanda Böyük Qayıdışın bütün sahələri ehtiva etdiyinin göstəricisi hesab oluna bilər.

Sadalananlarla yanaşı, Prezidentin nitqi də mühüm mesajlarla zəngin idi:

- Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.

- Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları.

- Bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.

- Bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin.

- Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.

- Bugünkü güclü Azərbaycan Böyük Qayıdışla bağlı bütün işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin