Stajı az olan müəllimlərin İKT bacarıqları daha yüksəkdir – Qiymətləndirmənin nəticələri 

Hazırda oxunan: Stajı az olan müəllimlərin İKT bacarıqları daha yüksəkdir – Qiymətləndirmənin nəticələri 

65494

YUNESKO-nun maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsildə strateji tədqiqatlar və Təhsildə innovasiyalar şöbəsinin birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanda müəllimlərin İKT (informasiya kommunikasiya texnologiyaları) bacarıqlarının qiymətləndirilməsi” layihəsi həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, 2021-ci ilin sentyabr-dekabr aylarını əhatə edən layihə çərçivəsində Azərbaycanın 13 fərqli iqtisadi rayonundakı müxtəlif ümumtəhsil məktəblərində fəaliyyət göstərən 2578 müəllimin İKT-yə münasibəti və İKT bacarıqları, həmçinin müvafiq bacarıqların müəllimlərin cinsiyyəti, yaşı, pedaqoji stajı kimi müxtəlif demoqrafik dəyişkənlər baxımından qruplar arasında statistiki olaraq əhəmiyyətli bir fərqliliyin olub-olmadığı müəyyənləşdirilib.  

Tədqiqat çərçivəsində YUNESKO-nun Banqkok ofisi tərəfindən hazırlanmış “Təhsildə İKT müəllim hazırlığı” ölçmə alətindən istifadə edilib.

Bundan əlavə, İKT-nin tədris prosesinə inteqrasiyasına təsir edən amilləri müəyyənləşdirmək üçün ikinci fərqli bir ölçmə alətindən istifadə edilib. 

Sorğuda 2210 (85,73%) qadın, 368 (14,27%) kişi müəllim olmaqla ümumilikdə 2578 müəllim iştirak edib. Sorğuda iştirak edən müəllimlərin 511-i (19,82%) subbakalavr peşə-ixtisas dərəcəsinə, 1737-si (67,38%) ali təhsil pilləsinin bakalavriat, 330-u (12,80%) isə magistratura və ya doktorantura səviyyəsində təhsilə sahib olduğunu qeyd etmişdir.  
Yaş baxımından qiymətləndirmə zamanı 30 yaşadək müəllimlərin sayının 472 (18,31%), 31-40, 41-50, 51-60 yaş aralığından olan müəllimlərin sayının isə müvafiq olaraq 927 (35,96%), 587 (22,77%), 425 (16,49%) nəfər olduğu görünüb. Həmçinin, sorğuda iştirak edən müəllimlərin 167 (6,48%) nəfərinin isə 61 və üzəri yaşa sahib olduğunu bildirib. 

Sorğuda iştirak edən müəllimlərin pedaqoji təcrübəsi dörd fərqli qrupda təsnif olunub. Nəticələr göstərir ki, pedaqoji təcrübəsi 4 ildən az olan müəllimlərin  sayı 387 (15,01%), 5-10 il təcrübəyə sahib olanların sayı 393 (15,24%), 11-20 illik təcrübəyə malik sorğu iştirakçılarının sayı 828 (32,12%), 21-30 illik təcrübəyə malik olan müəllimlərin sayı isə 536 (20,79%) nəfər olub. Son olaraq 30 il və daha çox təcrübəyə malik müəllimlərin sayının isə 434 (16,83%) nəfər olduğu qeyd olunub. 

Ümumtəhsil məktəblərinin yerləşdiyi ərazilər şəhər, qəsəbə və kənd olmaqla üç qrupda təsnif olunub.

Şəhər, qəsəbə və kənd yerlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin tədqiqatın əhatə dairəsinə daxil edilməsinə diqqət yetirilib. Sorğu iştirakçılarının böyük bir hissəsini şəhər məktəblərində fəaliyyət göstərən müəllimlər təşkil etmişdir. Onların sayı 1123 nəfər (43,56%) olub. Əlavə olaraq, 880 nəfər müəllim (34,14%) qəsəbə məktəblərində, 575 (22,30%) nəfər müəllim isə kənd ümumtəhsil məktəblərində fəaliyyət göstərdiyini qeyd etmişdir.

YUNESKO tərəfindən təqdim edilən ölçmə alətində qeyd edilən və müəllimlərin İKT-yə münasibətini əhatə edən suallara verilən cavablar təhlil edildiyi zaman müəllimlərin əksəriyyətinin şagirdlərin öyrənmə prosesini dəstəkləmək üçün İKT-nin faydalı resursları və alətləri (vasitələri) təmin etməsi (75,79%), şagirdlərin İKT-dən istifadəsinin şagird mərkəzli öyrənməni dəstəkləməsi (81,57%) və müəllimlərin peşəkar inkişafında İKT-nin önəmli rol oynaması (89,26%) fikri ilə razı və ya tamamilə razı olduqları nəticəsi əldə edilib.  

Həmçinin, müəllimlərin İKT-dən istifadə etməklə tədris metodikalarını daha innovativ edə bilmələri (88,75%) və İKT-nin istifadəsi zamanı şagirdlərin onların tədris prosesini daha yüksək qiymətləndirdiyi (77,27%) fikirləri ilə də razı və ya tamamilə razı olduqları görünüb. 
Bundan əlavə, təxminən müəllimlərin 40%-nin işlədiyi ümumtəhsil məktəbləri tərəfindən tədris (38,71%) və (ya) inzibati öhdəlikləri (39,18%) yerinə yetirmək məqsədi ilə masaüstü/dizüstü kompüterlər ilə təmin olunmaları və həmin kompüterlərin mətn, şəkillər, videolardan istifadə edərək təqdimat hazırlamağa imkan verdiyi  (38,48%) və dərs demək üçün vacib olan proqram təminatları ilə təchiz olunması (38,25%) fikirləri ilə razı və ya tamamilə razı olduqları görünüb.  

Təhlillər zamanı əldə olunan nəticələr göstərmişdir ki, kəndlərdə və şəhərlərdə internetin keyfiyyəti arasında fərqlər mövcuddur. Kənd məktəblərində fəaliyyət göstərən müəllimlərin şəhər məktəblərində fəaliyyət göstərən müəllimlər ilə müqayisədə  internet bağlantısının sürəti (53,07%) və internetin stabilliyi (51,29%) mövzusunda daha narazı mövqe nümayiş etdirdiyi görünmüşdür.

Ümumiyyətlə, şəhər yerlərindən kənd yerlərinə doğru irəlilədikcə internetlə bağlı narazılıqların artdığı müşahidə olunmuşdur. 

Müəllimlərin tədris, öyrənmə, məzmun yaratmaq və s. kimi vacib sahələrdə rəqəmsal bacarıqlara nə dərəcədə sahib olduğunu müəyyən etmək məqsədi ilə onlara İKT yönümlü tapşırıqlar üzrə bacarıq səviyyələrini qiymətləndirmək üçün müvafiq suallar ünvanlanmış və müəllimlərdən öz bacarıqlarını 1-dən (ən aşağı) 7-yə qədər (ən yüksək) qiymətləndirmələri istənilmişdir. 6 və 7-ci dərəcənin ən yüksək dərəcə olduğunu nəzərə alsaq, 25% müəllimin söz prosessorundan istifadə etmək, təqdimat hazırlamaq və iş vərəqlərindən istifadə etmək, 35% müəllimin  sənədləri qovluqda saxlamaq və sistemləşdirmək və 41% müəllimin elektron məktubları oxumaq, yazmaq və göndərmək mövzusunda yüksək bacarıqlara sahib olduğu qeyd olunmuşdur.

Həmçinin, 48% müəllim mesaj və digər sosial tətbiqetmələrdən istifadə etmək, onlayn təhsil resursları və alətlərini axtarmaq və onlara daxil olmaq, 42% müəllim isə proqramları və proqram təminatlarını endirmək/yükləmək ilə bağlı yüksək bacarıqlara sahib olduğunu vurğulamışdır.  

Yaş dəyişkəni baxımından aparılan statistik təhlillərin nəticələri yaşı 30-dan az olan müəllimlərin İKT bacarıqlarının, sinifdə İKT-nin dəyəri və faydalılığı ilə bağlı pozitiv inanclarının və dərsin planlaşdırılması və sinfin idarəolunması üçün İKT-nin istifadəsinə dair biliklərinin daha yüksək olduğunu, kompüter və texnoloji vasitələri dəyişikliyin bir agenti kimi qəbul etdiyini və həmçinin,  təşviş, spektisizm və texnofobiya hislərinin digər qruplarla müqayisədə daha aşağı olduğunu göstərib. 

Müəllimlərin təhsil səviyyəsinə görə müvafiq ölçülərə dair düşüncələrdə hansı fərqliliklərin olduğunu müəyyən etmək üçün həyata keçirilən statistik təhlillər subbakalavr təhsilli müəllimlərin İKT bacarıqlarının, İKT-nin sinifdə tətbiqinin dəyər və istifadəsinə dair pozitiv inanclarının və  təhsil proseslərində kompüter və İKT-nin istifadəsinin dəyərinə dair düşüncələrinin magistratura/doktorantura təhsili olanlarla müqayisədə daha aşağı səviyyədə olduğunu göstərib.  

Bundan əlavə subbakalavr təhsili olan müəllimlərin magistratura/doktorantura təhsili olanlarla müqayisədə dərsin planlaşdırılması və sinfin idarəolunması üçün İKT-dən istifadə haqqında daha az məlumatlı olduqları da təhlillər nəticəsində ortaya çıxmışdır.
Son olaraq, subbakalavr təhsilinə sahib olan müəllimlərin texnofobiya səviyyəsinin bakalavriat və magistratura/doktorantura təhsilli müəllimlərə nisbətdə daha yüksək olduğu da müşahidə olunmuşdur. Əldə olunan bu nəticə qazanılan təhsil dərəcəsinin İKT-nin tədris prosesində istifadəsində effektiv bir faktor olduğunu deməyə əsas verir.  

Könül Abaslı, ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri 

Abutab Abbasova, ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin