Xəbər verdiyimiz kimi, dünən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində 6 yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Onlardan ən çox diqqət çəkəni isə “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi olub.
Qeyd edək ki, Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yaradılması barədə göstəriş verilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın ötən il ən çox investisiya yatırdığı ölkələr - SİYAHI
Bəs, yeni qanun layihəsinin hazırlanmasını zəruri edən əsas faktorlar hansılardır?
Sualı Bizim.Media üçün cavablandıran İqtisadiyyat, sənaye və sahibkralıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, “İnvestisiya fəaliyyəti haqqında” qanun 1995-ci ildə hazırlanıb:
“İnvestisiya fəaliyyəti haqqında qanunun qəbul olunmasından 27 il vaxt keçib. Bu dönəmdə çox ciddi dəyişikliklər baş verib. Azərbaycanın iqtisadi inkişafı göz qabağındadır, o cümlədən Qarabağ işğaldan azad olunub. Ona görə “İnvestisiya fəaliyyəti haqqında” qanunda müəyyən məsələlər var ki, orada dəyişikliklərin edilməsinə ehtiyac var.
Yəni, istər xarici, istərsə də daxili investisiyaların yatırılması ilə bağlı bizim ciddi problemimiz yoxdur. Amma investorlar üçün daha yumşaq və rahat mühit yaratmaq, azad rəqabəti təmin etmək üçün müəyyən dəyişikliklərə ehtiyac var”.
Millət vəkili dəyişiklikləri labüd edən digər mühüm nüans kimi Qarabağda görülən yenidənqurma işlərini ön plana çıxarıb:
“Hal-hazırda Rəqabət Məcəlləsini də hazırlayırıq. Məcəllənin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Yəni bütün məsələlər kompleks şəkildə həll olunur ki, Azərbaycanda investisiya mühiti ilə bağlı problem qalmasın. O da məlumdur ki, bizim Qarabağda çox ciddi investisiyaya ehtiyacımız var. Ora milyardlarla investisiya gedəcək. Ona görə də, xarici investorların da normal işləyə bilməsi üçün bəzi yumşalmalar yeni qanun layihəsində öz əksini tapacaq”.
Murad Əhmədov, Bizim.Media