Sumqayıt avtobusları may ayında yenidən kart sisteminə KEÇƏCƏK – RƏSMİ

Hazırda oxunan: Sumqayıt avtobusları may ayında yenidən kart sisteminə KEÇƏCƏK – RƏSMİ

65085

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat 5 aydan çoxdur nağd ödənişə qaytarılıb. Ötən il sentyabrın 28-dən avtobuslarda kart sistemindən istifadə edilməsinə başlanılsa da, bu natamamlıq cəmi 54 gün çəkib.

Səbəb aidiyyəti qurumların 206 avtobus üçün aldıqları 210 validator aparatının nasaz və keyfiyyətsiz çıxması olub.

Gediş haqqını ödəmək istəyən sərnişinlərin kartından əsassız yerə pul çıxılıb, ya kartları bloklanıb, ya da ekranda işləmədiyi ilə bağlı məlumat göstərilib. Nəticədə külli miqdarda yeyinti ilə yanaşı yüzlərlə vətəndaşın cibinə ziyan dəyib.

Bu səbəbdən rəsmi qurumlar Türkiyədən yeni validatorlar sifariş ediblər. 

Bəs, yeni validatorlar gətirilibmi? Sumqayıt avtobusları kart sisteminə nə vaxt keçəcək? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov yeni validatorların hələ gətirilmədiyini bildirib:

“Avtobuslara quraşdırılan əvvəlki aparatlar bir qədər işimizə əngəl törətdi və sərnişinlər üçün problemlər yaratdı. Artıq Türkiyədən yeni və müasir tipli validator aparatları sifariş verilib. Mənə verilən məlumata görə may ayına qədər həmin aparatlar ölkədə olacaq”. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıya yeni avtobuslar gətirildi – Bu xətt üzrə istifadəyə veriləcək 


Tofiq Saydumov Bakı ilə Sumqayıtın ictimai nəqliyyatdakı kartlarının vahid olması məsələsinə münasibət bildirməkdə çətinlik çəkib. Qeyd edib ki, Sumqayıt avtobuslarına quraşdırılacaq yeni validatorların Bakı ilə eyni və ya fərqli olacağı barədə hər hansı məlumata sahib deyil. 

Məlumat üçün bildirək ki, "Sumqayıt Nəqliyyat” MMC-nin tərəfdaşlığı ilə  Sumqayıt şəhərində ictimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq  ötən ilin fevralında 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub.

Mərhələli şəkildə avtobuslarda xüsusi cihazlar – validatorlar quraşdırılıb. Sentyabrın sonunda isə tam olaraq kart sisteminə keçilib.

Bu kartların ilk dəfə olaraq gediş haqqını təmassız ödəmə və NFC cihazları ilə ödəmə sistemini daşıyan funksiyalara malik olduğu bildirilsə də, tətbiqə başladığı gündən sərnişinlərə problem yaradıb. Türkiyədən sifariş edilən yeni validatorların bu dəfə də "Sumqayıt Nəqliyyat” MMC tərəfdaşlığı ilə baş tutacağı deyilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin