Azərbaycan pomidorlarının Rusiya bazarlarında taleyi necə olacaq?

Hazırda oxunan: Azərbaycan pomidorlarının Rusiya bazarlarında taleyi necə olacaq?

64702

“Rusiyaya tətbiq olunan sanksiyalar təbii olaraq ölkəni çökdürəcək və əhalinin alıcılıq qabiliyyətinə də ciddi təsir göstərəcək. Bu təsirlər yaxın 5-6 ay ərzində özünü daha aydın şəkildə büruzə verəcək. Bununla əlaqədar təsirlər Rusiyanın ticarət dövriyyəsinin yüksək olduğu ölkələrdə də hiss olunacaq. O cümlədən, Azərbaycandan Rusiyaya məhsul ixracının reallaşdırılmasında da problemlər qaçılmaz olacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Ekspert kənd təsərrüfatı məhsullarının ixracında yarana biləcək mümkün problemlərdən də danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın qadağan etdiyi pomidorlar Azərbaycan bazarlarında – AQTA isə susur


“Problemlər daha çox kənd təsərrüfatı sahəsində özünü göstərə bilər. Çünki Rusiyaya ixrac məsələsində əsas yeri kənd təsərrüfatı məhsulları tutur. Ümumilikdə isə Rusiya ilə ixrac dövriyyəsində Azərbaycan üçün gözlənilən əsas problem bilavasitə pomidorun ixracında daha çox geriləmənin olacağı ilə bağlıdır”, -deyə ekspert bildirib.

Eldəniz Əmirov sanksiyaların Azərbaycanlı sahibkarlara təsirlərini iki aspektdən şərh edib: 

“Nəzərə alsaq ki, Rusiyaya digər yerlərdən də ixrac qadağası var, deməli bir müddət sonra Rusiyada məhsul qıtlığı yaranacaq. Qıtlıq yaranması fonunda, ola bilsin ki, digər ölkələrdən Rusiyaya, o cümlədən mərkəzi şəhərlərdəki böyük bazarlara ixracda problemlərin yaranması Azərbaycan məhsulları üçün əlavə fürsət verə bilər. Yəni bu ehtimal var, o anlamda ki, sanksiyalara qoşulacaq ölkələrin sayının kəskin artacağı təqdirdə Azərbaycan məhsullarına tələbat daha da artacaq.

Amma digər tərəfədən alıcılıq qabiliyyətinin aşağı düşməsi təbii olaraq ixracın səviyyəsinə təsir edəcək. Hal-hazırda valyuta ehtiyatların bloklanması və əhali gəlirlərinin kəskin şəkildə azalması baş verir. Bu da alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda ixrac üçün alternativ variantlara nəzər salınmasına ehtiyac var:

“Ələlxüsus da, Ərəb ölkələri ilə perspektivdə ixracın reallaşdırılması üçün fürsətlər var. Eyni zamanda ixracın Avropaya yönəldilməsi üçün də fürsətlər var. Lakin logistik xərclərin çoxluğu və bizdə istehsal olunan məhsulların qida standartlarına uyğunsuzluğu Avropaya ixracda böyük risk faktoru yaradır. Buna görə də, ixrac olunan məhsulların keyfiyyətinin artırılması istiqamətində işlər görməliyik. Çünki bizim məhsulların qida  standartlarına uyğun gəlməməsi Avropa bazarlarına çıxışda ciddi sıxıntılar yaradır”.

Ekspert sanksiyalar səbəbindən rusiyalı iş adamlarının Çin, Azərbaycan kimi region ölkələrinə investisiyalar ayırmağa maraq göstərə biləcəklərini qeyd edib.

Eldəniz Əmirovun sözlərinə görə bu istiqamətdə müəyyən risklər mövcuddur, lakin Rusiyaya tətbiq olunan sanksiyalara qarşı 3 əsas preventiv tədbir görülə bilər:

“1. Məhsulun keyfiyyətinin artırılmasına ehtiyac var. Bu Avropa bazarlarına çıxışı mümkün edə bilər.

2. Ərəb ölkələrinə ixracı stimullaşdırmaqdan ötürü daha genişmiqyaslı danışıqların aparılmasına ehtiyac var.

3. Rusiyalı investorların Azərbaycaana marağını artırmaq üçün birgə müəssislərin yaradılmasına nail olmaq hesabına hazırki vəziyyətdə Azərbaycan sahibkarları müəyyən qədər problemi qarşılamağa nail ola bilər”.


Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin