Avropa çempionatı: güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazandı

Hazırda oxunan: Avropa çempionatı: güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazandı

64484

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, qitə birinciliyində sərbəst güləş yarışında 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində həlledici görüşlər keçirilib.

Tofiq Əliyev (57 kq) dörddəbir finalda böyüklər arasında dünya və Avropa üçüncüsü Horst Lerə (Almaniya) məğlub olub – 2:4. Rəqibin finala yüksəlməsi T.Əliyevə üçüncü yeri tutmaq şansı verib.

Güləşçimiz bürünc medal uğrunda bolqarıstanlı İvaylo Tisovla qarşılaşıb və rəqibinə tam üstünlüklə (18:8) qalib gələrək Avropa üçüncüsü olub.

Zirəddin Bayramov (65 kq) ilk mərhələdə bolqarıstanlı Stilyan İliyevə heç bir şans tanımayıb – 12:1. Şəmkir güləş məktəbinin yetirməsi dörddəbir finalda türk Hamza Alacadan güclü olub – 11:8.

Həmyerlimiz yarımfinalda fransalı Marvan Ahmed Yezzaya 6:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Z.Bayramov həlledici görüşdə erməni Qraçya Marqaryanla qarşılaşıb.

Görüşün əvvəlindən təşəbbüsə yiyələnən istedadlı idmançımız sonadək üstünlüyünü qoruyub. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Z.Bayramov Avropa çempionu olub.

Mübarizəyə dörddəbir finaldan qoşulan Əşrəf Aşırov (79 kq) gürcü Evsem Şvelidzeylə gərgin keçən görüşdən məğlub ayrılıb – 8:9. Rəqib finaladək irəliləyib. Bu da Ə.Aşırov üçün növbəti cığır açıb.

Güləşçimiz təsəlliverici görüşdə almaniyalı Konstantin Şableyə vaxtından əvvəl qalib gəlib - 10:0. Ə.Aşırov bürünc medal uğrunda Bolqarıstan təmsilçisi Oktay Hasanı tam üstünlüklə (14:3) məğlub edərək Avropa üçüncüsü olub.

İslam İlyasov (97 kq) da yarışa dörddəbir finaldan başlayıb. Gürcü Riveri Mitsiturini 5:0 hesabı ilə xalçadan məyus yola salan güləşçimiz adını yarımfinala yazdırıb.

İ.İlyasov final yolunda macar Riçard Veqlə münasibətləri aydınlaşdırıb və rəqibini 6:1 hesabı ilə məğlub edib. Güləşçimiz qızıl medal uğrunda almaniyalı Yohan Mayerlə mübarizə aparıb.

Final dramatik alınıb. Həmyerlimiz görüşün sonlarına yaxın hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək son saniyədə ona qələbə qazandıran fəndi uğurla icra edib və Avropa çempionu olub.

Beləliklə, sərbəst güləşçilərimiz Avropa çempionatına 2 qızıl və 2 bürünc medalla başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin