11 ildir saxta seyidliklə evini məscidə çevirən Mircəfər Seyidzadə KİMDİR? – DƏHŞƏTLİ HƏQİQƏTLƏR 

Hazırda oxunan: 11 ildir saxta seyidliklə evini məscidə çevirən Mircəfər Seyidzadə KİMDİR? – DƏHŞƏTLİ HƏQİQƏTLƏR 

63880

Qazaxda Mircəfər Hüseynzadə adlı şəxsin 11 ildir saxta seyidlik fəaliyyəti ilə məşğul olduğu iddia olunur. Əslən Şəmkirin Morul kənd sakini, əsl adı isə Rəşad Füzuli oğlu Ələkbərov olan bu şəxs uzun illər əvvəl Qazaxa köçüb və saxta şəcərə düzəltdirərək seyid kimi fəaliyyətə başlayıb. Halbuki atası Ələkbərov Füzuli İsfəndiyar oğlu Şəmkir şəhərində yaşayır və əsla seyid olmadıqlarını bildirir. 

Vəfat etmiş şəxsin sümüklərini həyətində dəfn edib, məscid tikdi...

İddialara görə rayonun Əhməd Seyidov küçəsində evini məscidə çevirən və özünü Mircəfər Hüseynzadə kimi tanıtdıran Rəşad Ələkbərov gəncləri təsir altına salaraq İran meyilli kadrlar yetişdirməklə məşğuldur. 

Bizim.Media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə, nə orta, nə də dini təhsili olan Rəşad Ələkbərov Qazax şəhərində İran təbliğatı aparmaq üçün İslam Partiyası vasitəsi ilə rayona köçürülüb, ona torpaq sahəsi ayrılıb və həm ev, həm də İrandan Rusiya vasitəsi ilə ona göndərilən maliyyə ilə həyətdə məscid tikib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda peyda olan “12-ci imam” kimdir? - TÜKÜRPƏRDİCİ açıqlamalar – FOTO


Hətta qədimdə vəfat etmiş bir insanın sümüklərini haradansa çıxararaq  həyətində düzəltdiyi pirdə dəfn edib. 

Maraqlıdır ki, əslən Cəlilabad rayonundan olan həyat yoldaşı Röyalə Əzimovanın da adını və soyadını dəyişərək Xədicəxanım Hüseynzadə edib. Bir sözlə, Rəşad Ələkbərov özünü həm seyid, həm molla, həm siyasətçi, həm bloger, həm də  jurnalist kimi təqdim edərək onun həqiqi kimliyini tanımayan insanlar arasında nəzir, ianə yığmaqla məşğuldur.

Dövlət əleyhinə kampaniya apardığı üçün Cəmiyyətdən xaric edildi...

Saytımıza açıqlamasında Qazax Rayon Əlillər Cəmiyyətinin sədri Rafiq Hətəmov Rəşad Ələkbərov barədə deyilənləri təsdiqləyib:

“Bəli, o insanın keçmiş adı Rəşad Füzuli oğlu Ələkbərovdur. O, bizim Cəmiyyətin üzvü olub və sonradan xaric edilib. Çünki məqsədi, amalı dövlətçiliyə qarşı çirkin əməllərdən ibarət olub. Bunu biləndən sonra sıralarımızdan kənarlaşdırmışıq. Üstəlik, qeyri-qanuni şəkildə evində məscid tikdirib, dinə xidmət adı altında saxta fəaliyyət və dövlət əleyhinə kampaniyalar aparır. Rayonda jurnalist iddiası ilə vətəndaşların evinə gedir, fotoşəkillər çəkir, guya dini icmaların olduğu barədə xəbər verir. Xuliqanlıq edərək, mənim və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının adını çəkir, vətəndaşların şəxsiyyət vəsiqələrini alır. Qazax Rayon icra başçısı Rəcəb Babaşov onu və həyat yoldaşını müəyyən işlərlə təmin etsə də, Rəşad Ələkbərov dövlət əleyinə fəaliyyətdədir. Bu adam əlilliyindən istifadə edərək İranın müəyyən qruplarına qoşulub maliyyə əldə edir.
 

Xarici blogerlərlə daim təmasdadır. Bəzilərinin yanında Əli Kərimli və ya Qabil hakimiyyətə gələcək kimi sərsəm açıqlamalar verir. Təbii ki, rayonun aidiyyəti qurumları buna imkan vermir. Hər kəs də bilir ki, əqidəsi və mənəviyyatı olmayan adamdır”.


Rafiq Hətəmovun sözlərinə görə, Rəşad Ələkbərov nə seyid nəslindəndir, nə də evini çevirdiyi məscidə gələnlər var:

“Onun kimi adamlar sadəcə İslamı parçalamaqla məşğuldurlar. Bu adamın psixoloji durumu yerində deyil. Hətta aidiyyəti qurumlar onun ruhi dispanserdə müalicə olunması üçün də şərait yaratdı və o, iki həftə həmin xəstəxanada yatdı”.

“Bir həftəlik ruhi dispanserə yerləşdirilmişəm”

Məsələ ilə bağlı Mircəfər Hüseynzadə adı ilə tanınan Rəşad Ələkbərovla əlaqə yaratdıq.

Barəsində deyilənlərlə razılaşmayan müsahibimiz yaratdığı dini ocağın rəsmi qeydiyyata alınması ilə bağlı dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciətlər etdiyini deyib:

“Mən bütün sənədləri hər iki quruma təqdim etmişəm. Amma özləri yubadırsa, nə edə bilərəm? Mənim seyidliyim və şəcərəm VII İmam Museyi Kazımdandır. Əslən İrəvandanıq və Mircəfər adını daşıdığım babam oradakı “Göy məscid”i vaxtilə təmir etdirib. Öz bacıları da orada mollalıq edib. Seyidlik  və şəcərə nəsilliklə gəlir. Heç kim saxta seyid ola bilməz. Məscid kimi hələki qeydiyyata alınmasa da, 11 ildir “Fatimeyi-Zəhra” adlı ocağımız xalqın xidmətindədir”.

Özünün də jurnalist olduğunu bildirən həmsöhbətimiz bəzən vətəndaşların şikayətlərini çəkib mətbuatda ictimailəşdirdiyini deyib:

“Haqqı deyən biri olduğum üçün məni çox istəmirlər. Qarşı tərəf zaman-zaman öz gücünü göstərib və müəyyən qarşıdurmalar da olub. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalmışam. Hətta polis bölməsinə aparılmışam. Ötən ilin dekabrında məcburi bir həftəlik ruhi dispanserə də yerləşdirilmişəm”.

Mircəfər Heseynzadə əsl adının Rəşad, soyadının isə Ələkbərov olması məsələsinə də aydınlıq gətirib. O, ata tayfasının bölündüyünü, Hüseynzadə və Ələkbərovlardan ibarət olduğunu əsas gətirərək, Hüseynzadə soyadını buradan götürdüyünü deyib:

“Atamın soyadı Ələkbərovdur. Mən isə Hüseynzadə soyadını götürmüşəm. Rəşad adı isə anamın mənə ən çox vermək istədiyi isim olub. Atamla aralarındakı mübahisədən dolayı alınmayıb. Anam isə hər zaman məni Rəşad kimi tanıtmağa çalışıb. Sənəddə isə adım Mircəfərdir”.

14 mindən 6 minə...

Müsahibimiz əlavə edib ki, bu günlərdə özünü dövlət adamı kimi təqdim edən bir şəxs tərəfindən rüşvət verməyə məcbur edilib:


“Bakıda media qurumlarından birində çalışan Emin adlı şəxs məni bir nəfərlə tanış etdi. Həmin şəxs özünü dövlət adamı kimi təqdim edib, ibadətgahın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məscid kimi qeydiyyata alınması üçün 6 min manat istədi. Məndə səsyazılar da durur. Söylədi ki, əslində bu işin qiyməti 14 min manatdır. Amma mənə görə 6 minə danışdığını bildirdi. Mən isə pulumun olmadığını dedim. Hazırda bu məsələni araşdırıram”. 

Sonda isə Mircəfər Hüseynzadə xaricdə fəaliyyət göstərən Elşad və Qabil kimi blogerlərlə də əməkdaşlıq etdiyini gizlətməyib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin