Valideynlər, qohumlar çox zaman uşaqları əzizləmək üçün müxtəlif ləqəblərdən, adlardan istifadə edirlər. Bu əzizləmələr hətta heyvan adları, etik olmayan ifadələrlə də edilir. Hətta bir çox bölgələrdə bu ifadələr qarğışlarla da əvəz olunur.
Bakı şəhər sakini Nəsibə Məmmədova deyir ki, o nəvələrini əzizləyərkən heyvan və digər adlardan istifadə edir və burada heç bir qəbahət görmür:
“Mən nəvələrimi meymun, dovşan hətta “köpəyin qızı/oğlu” kimi ifadələrlə əzizləmişəm, burada qəbahət nə var ki? İndi böyük uşaqlardır, tərbiyələri də yerindədir. Təki hamı mənim kimi nənə ola öz nəvələrinə. Həm də dədə-babadan biz də belə görmüşük”.
MÖVZU İLƏ BAĞLI:
Uşaqlar üçün LAYLA və NAĞIL terapiyası - Bunu hansı şəkildə aparmaq lazımdır?
Psixoloq Mədinə Rəsul isə doğru bildiyimiz bu tip sevgi göstərmə şəklinin çox yalnış olduğunu qeyd edib. O, Bizim.Media-ya açıqlamasında bildirir ki, bəlli yaş dövründən sonra fəsadlar açıq-aydın şəkildə uşaqlarda sezilə bilir:
“Uşaqlara olunan müraciət formaları mənəvi-psixoloji şiddətin bir növü sayılır. Uşaqlara ünvanlanan heyvan adları, qarğışlarla əzizləmək, bu tip təhqiramiz ifadələr uşağa özgüvənsizlik, dəyərsizlik, yetərsizlik hislərini aşılayır və təbii ki, aqressiyanı da bərabərində gətirir. Uşaqların bəlli yaş dövrlərində sosiallaşmasına maneələr törədir. Bu hər uşaqda individual olaraq fəsadlara gətirib çıxara bilər. Əgər uşaq “introvert” yəni içədönükdürsə bunun fəsadlarını daha gec görmək olur. Çünki proseslər onun daxilində gedir.
Amma “ekstrovert”, hiperaktivdirsə, eyni davranışları cəmiyyətdə başqa insanlara da göstərə bilər və nəticədə sevilməyən “tərbiyəsiz” adlandırılan həmin uşaqlar bu qəbildən olur”.
Psixoloq həmçinin qeyd edir ki, bu şəkildə böyüdülən uşaqlar gələcəkdə ailə həyatı qurarkən və ya münasibətə başlayarkən, psixoloji şiddət göstərən insanlara meyil edirlər:
“İşin ən pis tərəfi də budur ki, bu sözlərlə böyüdülən bir qadın nə qədər istməsə də gələcəkdə ona valideynləri kimi müraciət edən, münasibət göstərən adamları sevə, həyatyoldaşı olaraq seçə bilirlər. Nəticədə zorakılıq, ailədə kobud rəftarlar qaçılmaz olur”.
Səkinə Yusibli, Bizim.Media