“Co Bayden ermənilərlə sıx əməkdaşlıq edən simadır” - Politoloq

Hazırda oxunan: “Co Bayden ermənilərlə sıx əməkdaşlıq edən simadır” - Politoloq

6376

“İyul ayında Tovuz sərhədində erməni hərbi təcavüzündən sonra, erməni lobbisinin konqresdə əsas ruporu konqresmen Adam Şiff tərəfində ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinə, Milli Kəşfiyyat direktorunun Ermənistan və Azərbaycan arasındakı gərginliyə, o cümlədən tərəflərin Dağlıq Qarabağın statusuna dair münasibətə qiymət verməsini nəzərdə tutan qanun layihəsi təklif edliib".

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Yeganə Hacıyeva ABŞ konqresində erməni lobbisinin fəaliyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu barədə sənəd ABŞ kəşfiyyat şurasının siyasətini müəyyən edən qanunun bir hissəsi kimi təqdim edilib və 90 gün ərzində Dağlıq Qarabağ konfliktinin açıq və qapalı qiymətləndirməsini konqresmenlərə təqdim etməsini nəzərdə tutub.

Konqresmenlərə təqdim edilən bu sənəddə ABŞ-ın regionda maraqları, Dağlıq Qarabağ bölgəsi, Azərbaycana və Ermənistana hərbi yardımlar, regionda sabitliyi pozan amillərin qiymətləndirilməsi yer alıb.

İyulda təqdim olunan sənədin dekabrda müzakirəsi zamanı isə erməni lobbisi əllərinə düşən fürsəti dəyərləndirərək, ora bəzi əlavələr edib. 

“Erməni lobbisi dekabrda müzakirəyə çıxarılan bu sənəddə müəyyən düzəlişlər edərək “Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfinin ermənilərə qarşı aqressiyasını, dağıdılan tarixi və dini abidələrə və əsirlərlə amansız davranışı” kimi əlavələr edib. Məhz bundan sonra ABŞ konqresində bu sənəd layihə çərçivəsində müzakirə olunub”, - deyə o qeyd edib.

Y. Hacıyeva həmçinin bildirib ki, bu il iyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatasında Ermənistanın əleyhinə həm siyasi, həm də hüquqi baxımdan ciddi bir presedent olacaq və gələcəkdə istər ABŞ-da, istərsə də beynəlxalq strukturların hüquqi aktlarında istifadə edilə biləcək düzəliş qəbul edib.

Bu qətnamə ABŞ-ın qanunvericilik tarixində qəbul edilmiş ən böyük anti-erməni sənədi olub.

Çünki bu qətnamədə ermənilər işğalçı dövlət kimi göstərilib.

“Sənəddə məcburi şəkildə öz torpaqlarından çıxarılan azərbaycanlıların sayı göstərilib. Bundan başqa qətnamədə ABŞ dövlət katibinin müdafiə katibi ilə birlikdə bu məlumatları vaxtaşırı Konqresin müvafiq komitələrinə məruzə etmələri tələb edilib. Bu sənəd əsasında gələcəkdə Xocalı soyqırımı və ermənilərin 90-cı illərdə Azərbaycana qarşı etdikləri müharibə cinayətlərinə görə cəzalandırılması həyata keçirilə bilər”.

Politoloq bildirib ki, Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticari tərəfdaşıdır.

“Azərbaycan ABŞ-ın NATO tərəfdaşlarına lojistik və tranzit yardımında hərbi yüklərinin 40 %-nin daşınmasında strateji və Əfqanıstandakı ABŞ hərbi heyətinin hərəkətliliyi üçün təhlükəsiz tranzit yolunun təşkilatında əsas tərəfdaşıdır. Bundan başqa 2002-ci ildən Azərbaycan Əfqanıstanda ABŞ və NATO qoşunlarına qətiyyətli dəstək göstərən etibarlı və əsas müttəfiqidir”.

Y. Hacıyeva ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin hər zaman erməni lobbi qrupu ilə işləyən simalardan biri olduğunu vurğulayıb.

''Co Baydenin administrasiyasında ABŞ-dakı erməni lobbi qrupları ilə aktiv çalışan simalar var. Vaşinqtonun siyasi dairələrinə təsir etmək iqtidarında olan və ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi tanınan erməni lobbi qrupunun bir üzvü Baydenin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat mətninin müəllifi idi. Baydenin bu bəyanatı Ermənistanın Bərdədə mülki əhaliyə qarşı etdiyi amansız hücum günü səsləndirilib. Bu da onun prosesləri hansı dərəcədə qiymətləndirməsinin sübutudur'', - deyə politoloq qeyd edib.

Sonda Y. Hacıyeva bu cür vəziyyətlərin Azərbaycan və ABŞ münasibətlərinə mənfi təsir etməyəcəyinə inandığını deyib. 

“ABŞ Konqresindəki erməni lobbisinin ən çox əməkdaşlıq etdiyi partiya hər zaman demokratlar partiyası olub. Bu proseslər əsasında görünən odur ki, Baydenin hakimiyyəti zamanı Azərbaycan və ABŞ münasibətlərində müəyyən təzadlı məqamlar olacaq. Lakin buna baxmayaraq, istənilən ABŞ prezidenti üçün ölkənin maraqları çərçivəsində Azərbaycanla qurulan münasibətlərin yaxşı olması daha vacibdir”, - deyə o, fikirlərini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin