Rusiyanın Ukraynada başlatdığı hücum əməliyyatlarının uzun müddətdir gözlənilən olması, istər Kremlin, istərsə də Qərbin proseslərə əvvəlcədən hazırlıqlı olmaları ehtimallarını gündəmə gətirib. Belə ki, əksər siyasi şərhçilərin qənaətinə görə, Rusiya rəsmilərinin sanksiyalara hazırlıqla bağlı açıqlamaları Moskvanın hücumdan öncə “yüz ölçüb, bir biçdiyi”nin deməyə əsas verir. Bəzi politoloqlar isə, daha da böyük planın qurulduğunu qeyd edərək, Qazaxıstan olaylarını da eyni siyasətin bir parçası kimi qiymətləndirirlər.
Bəs, baş verənlər əvvəlcədən nəticəsi bəlli olan ssenarinin bir parçasıdırsa, final necə olacaq?
Mövzunu Bizim.Media üçün şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, Qazaxıstan hadisələrini, Qırğızıstan-Tacikistan böhranını bir zəncirə salmaq doğru olmazdı:
“Bunlar fərqli hadisələrdir, lakin Qazaxıstan hadisələrinə Rusiyanın reaksiyası müəyyən qədər uyğun gələ bilər. Bu isə o demək deyil ki, Qazaxıstan olaylarını Rusiya təşkil edib, yaxud burada əli var. Eyni zamanda Qazaxıstan analitikləri də bu hadisələr arasında birbaşa əlaqələrin olmadığını söyləyir”.
MÖVZU İLƏ BAĞLI:
Zelenski Qərbi günahlandırdı - “Heç bir siyasətçi reaksiya vermədi”
Politoloq bildirirb ki, hadisələrin plan üzrə gedişatını əvvəlcədən müəyyənləşdirmək mümkün deyil:
“Prosesləri əvvəlcədən planlaşdırmaq olar. Lakin gedişatı dəqiq müəyyənləşdirmək olmaz. Hər dəfə yeni məqamlar ortaya çıxır ki, tərəflər də bunlara reaksiya verməyə məcbur olurlar. Beləliklə, ilkin plana dəyişiklik etmək zərurəti yaranır. Məsələn, Rusiyaya sanskiyalar tətbiq olunur. Lakin heç kim deyə bilməz ki, sanksiyalar real olaraq hansı fəsadları törədəcək. Qərb düşünür ki, sanksiyalar Rusiya iqtisadiyyatını çökdürəcək və ölkədaxili proseslərə təkan verəcək, Rusiyadaxili gərginlik və dövlət çevrilişi baş tutacaq. Lakin bunları heç kim dəqiqliklə planlaşdıra bilməz”.
İlqar Vəlizadə Rusiyanın Ukrayna ilə bağlı əsas planı və nüvə təhdidinə də münasibət bildirib:
“Rusiya artıq dayanmayacaq. Ukraynanı tam nəzarətə götürməsə, Moskva dayanmayacaq. Yəqin ki, Qərb buna hazırlıq görür və NATO sərhədləri gücləndirilir. Belə ehtimallar da var ki, Zelenski hakimiyyəti xaricdə fəaliyyətini davam etdirəcək. Doğrudur, Zelenski bu planlardan hələlik imtina edir. Buna baxmayaraq, bu cür təkliflərin olduğu hiss olunur.
Eyni zamanda Rusiyanın nüvə silahına əl atması kimi fors-major hal da baş verə bilər.
Təəssüflər olsun ki, bu variant da istisna olunmur. Ona görə də, dünya liderləri, Ərdoğan, Bennet cəhdlər göstərirlər ki, bu ssenari baş tutmasın”.
Politoloq Rusiya qoşunlarının Kiyevi nəzarətə götürməsinin müharibənin sonu olmayacağını da diqqətə çatdırıb:
“Ola bilər ki, Zelenski hakimiyyəti Kiyevdən Lvova köçsün. Nə qədər ki, Ukraynanın işğal olunmamış ərazilər qalacaq, Ukrayna hökuməti fəaliyyətini ölkədən davam etdirəcək. Onu da qeyd edək ki, artıq 1,5 milyon insan Ukraynadan qaçqın düşüb.
Bu sayın 4-7 milyona çatacağı ilə bağlı gözləntilər də var. Bunlar hamısı Ukrayna vətəndaşlarıdır. Onlara nəzarətin qurulması və idarəetmə strukturlarının olması vacibdir. Ona görə də, mühacirət hökuməti lazımdır. Biz istəməzdik ki, bu belə olsun. Lakin bu humanitar böhrandır. Ona görə də, belə şəraitdə fövqəl siyasi addımlar zərurətə çevrilib”.
Murad Əhmədov, Bizim.Media