Gəncədə inşa edilən idman məktəbində işlərin 2023-cü ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.
Bu barədə Bizim.Media-nın yerli bürosuna “Təhsil” respublika idman mərkəzinin Gəncə şəhəri 1 saylı Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru, Olimpiya çempionu Ramil Qasımov məlumat verib.
Onun sözlərinə görə “Təhsil” respublika idman mərkəzinin Gəncə filialının yeni kompleksinin tikintisinə ötən ilin avqust ayında başlanılıb.
“Yeni binamızın tikintisinin sifarişçisi Azərbaycan Respublikası Təhsil Nazirliyidir. Bundan əvvəlki binanın əsası 1980-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdu. Kompleksdə idman oyunları, boks, üzgüçülük inzibati bina, güləş korpusu, bərpa mərkəzi, güllə atıcılıq tiri binaları var idi.
MÖVZU İLƏ BAĞLI:
AFFA rəsmisi: "Gəncə şəhər stadionu yenisi ilə əvəzlənəcək"
Hazırda məktəbimiz başqa binada müvəqqəti olaraq fəaliyyətini davam etdirir. Mərkəzdə əsası olimpiya növləri olmaqla 15 idman növü üzrə 4000-ə yaxın tələbə məşğul olur. Onlara 175 müəllim və məşqçi təlim keçir.
Yeni binanın tikintisindən sonra Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində güllə atıcılığı, üzgüçülük və bədii ginmastika üzrə də seksiyalarımız fəaliyyət göstərəcək” - deyə Ramil Qasımov əlavə edib.
Məktəb direktoru bildirib ki, yeni bina istifadəyə verildikdən sonra həm keçirilən təlimlərin keyfiyyəti, həm məşqçi-müəllimlərin sayı, həm də orada idmanın müxtəlif növlərilə məşğul olmaq istəyəcək gənclərin sayı artacaq:
“Bu gün Azərbaycanda idmana maraq həddindən artıq böyükdür. Gəncə də çox böyük idmançılar yetişdirib. Bizim məktəbin yetirmələri arasında çoxlu sayda olimpiya, dünya və avropa çempionları var. Bu gün müəllimlərimiz arasında adlı-sanlı məşqçilərimiz var. Ümidvaram ki, yeni binamız istifadəyə verildikdən sonra nailiyyətlərimiz əvvəlki illərdən daha çox olacaq”.
Məqsəd Rəhimov, Bizim.Media