Daha bir məktəb direktoru CƏZALANDI - Bizim.Media-nın qaldırdığı məsələyə Təhsil Nazirliyindən REAKSİYA 

Hazırda oxunan: Daha bir məktəb direktoru CƏZALANDI - Bizim.Media-nın qaldırdığı məsələyə Təhsil Nazirliyindən REAKSİYA 

62957

Lerik rayonu Mehman Qafarov adına Siyov kənd tam orta məktəbinin direktoru İlham Əmirovun qanunsuz əməlləri ilə bağlı yazı dərc etmişdik. Məktəbin informatika müəllimi və Siyov kənd bələdiyyə sədri Rəisə Həsənova, eləcə də həmin məktəbin ibtidai sinif müəllimi Əliman Zeynalovun direktorla bağlı şikayətlərini ictimailəşdirmişdik.

Hər iki pedaqoq llərdir məktəbdə dərs bölgüsünün təhsil qanunlarına uyğun yox, direktorun şəxsi istəyinə uyğun aparıldığını, diaqnostik qiymətləndirmənin nəticələrinin nəzərə alınmadığını, direktorun saxta paralel siniflər və bölünmə saatları hesabına dövlət büdcəsinə ciddi ziyan vurduğunu, həmçinin şəxsi mənfəəti üçün dərsləri qeyri ixtisas müəllimlərinə verdiyini  iddia etmişdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Bu məktəbi müəllim və şagirdlər TƏRK EDİR - Bələdiyyə sədrindən ŞİKAYƏT


Bu səbəbdən ikimərtəbəli olan geniş məktəbdə cəmi 129 şagirdin təhsil aldığı, müəllimlərin isə tədris ocağını tərk etdikləri ortaya çıxmışdı. Şikayətçilər Lerik Rayon Təhsil Şöbəsinə, Təhsil Nazirliyinə və digər dövlət qurumlarına rəsmi məktubla  müraciətlər də etmişdilər. 

Öz növbəsində məsələni ictimailəşdirən Bizim.Media da Təhsil Nazirliyinə şikayətçilərin iddiaları əsasında sorğu təqdim etmişdi və qurum tərəfindən məsələnin araşdırıldığı bildirilmişdi. 

Direktorun əməlləri ilə bağlı məsələyə Təhsil Nazirliyindən reaksiya verilib və İlham Əmirov cəzalanıb.

Bu barədə Əliman Zeynalova Təhsil Nazirliyindən ünvanlanan rəsmi cavabda qeyd olunur. Bildirilib ki, Təhsil nazirinin müvafiq əmri ilə İlham Əvəz oğlu Əmirova işində yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 

Əliman Zeynalov həmin məktubu Bizim.Media-ya təqdim edib. 

Xatırladaq ki, İlham Əmirovun adı daim qalmaqallarda çəkilib. 2018-ci ildən özünə əlilliyə görə saxta sənədlərlə pensiya düzəldib. O, yalnız özünün yox, tanışlarının da saxta pensiya almasına vasitəçilik edib. 

Məsələ ictimailəşəndən sonra həmin pensiyaların saxta olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən müəyyən edilib və ödənişlər dayandırılıb.

Hətta direktora faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Amma direktor bu əməlinə görə nə vəzifəsindən kənarlaşdırılıb, nə də həbs edilib. 

Maraqlıdır ki, üzərindən 4 il keçməsinə baxmayaraq İlham Əmirov heç nə olmamış kimi hələ də təhsil ocağına rəhbərliyini davam etdirir. 

Alçina Amilqızı, Bizim.Media 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin