Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” futbol klubunun adı “Şamaxı” olaraq dəyişdirilib. Bundan sonra klub ev oyunlarını Şamaxı şəhərində keçirəcək.
Sözügedən addımın atılmasına səbəb kimi isə bölgələrdə futbolun inkişaf etdirilməsi məsələsi ön plana çıxarılıb.
Bəs, “Keşlə”nin “Şamaxı”ya çevrilməsi effektiv addım kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən idman jurnalisti Ceyhun Əliyevin sözlərinə görə, situasiyaya obyektiv yanaşmaqda fayda var:
MÖVZU İLƏ BAĞLI:
"Keşlə”nin adı dəyişdi, “Şamaxı” oldu
“Mövcud vəziyyətdə alternativ yox idi. Çünki Şamaxıda peşəkar futbolçu tapmaq qeyri-mümkündür. Deməli, bu dilbər guşədə klub yaratmaq üçün uzun illərə ehtiyac duyulacaqdı. Hazır infrastrukturun bu illər ərzində diqqətsizliyə məruz qalacağına da şübhə etmirəm. “Keşlə” isə pis-yaxşı hazır kollektivdi. Bu baxımdan situasiyaya obyektiv yanaşmağın tərəfdarıyam, nəinki “təki qaralayım”.
Ceyhun Əliyev regionlarda futbolun inkişafına mane olan əsas səbəbləri də diqqətə çatdırıb:
“Məsələn, artıq növbəti mövsüm Azərbaycan futbolunun Məkkəsi sayılan Gəncə “Kəpəz”inin Premyer Liqada iştirak edəcəyi gözlənilir. Həmin kollektivdə neçə gəncəli əsas heyətdə olacaq? Əminliklə deyirəm ki, heç kəs! O ki qaldı regionlarda futbolun inkişafına, hesab edirəm ki, burda başlıca günahkar İcra Hakimiyyətləridi. Uşaq futboluna böyük sərmayə yatırmağa ehtiyac yoxdu. Ancaq bu qəpik-quruşu da qıymırlar”.
Qeyd edək ki, gələn mövsümdən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək klubların sayının 10-a çatdırılacağı gözlənilir. Yeni gələn klublar arasında bölgə klublarının olması ehtimalı isə yüksəkdir.
Murad Əhmədov, Bizim.Media