Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Kamil oğlu Seyidzadənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edildiyi barədə məlumat vermişdik.
Bizim.Media xəbər verir ki, Prezident daha sonra Şahin Seyidzadəni onlayn şəkildə qəbul edib.
2020-ci ildə Parlament seçkilərində deputat seçilən Şahin Seyidzadənin dosyesini təqdim edirik:
Şahin Kamil oğlu Seyidzadə 15 aprel 1978-ci il tarixində Bakı şəhərində anadan olub. 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.
MÖVZU İLƏ BAĞLI:
Şahin Seyidzadə “İçərişəhər” Qoruğu İdarəsinin sədri TƏYİN EDİLDİ
1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr, 2001-ci ildə eyni adlı Universitetin, 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment” ixtisası, 2007-ci ildə isə Mançestr Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası” üzrə (Master of Education) magistr dərəcələrini alıb.
Daha sonra Rusiya Federasiya Hökuməti nəzdində Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi” ixtisası üzrə təhsil almış, hal-hazırda isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsilin təşkili və idarəetməsi” üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır.
1999-ci ildən etibarən ictimai fəaliyyətlə məşğul olur, 2006-2012-cı illərdə müxtəlif biznes qurumların rəhbər vəzifələrində çalışıb.
2012-2015-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2013-2016-cı illər ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, 2015-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları”nın rəhbəri, hal-hazırda isə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin "Sosial layihələr” müsabiqəsinin rəhbəridir.
Qeyd edək ki, Şahin Seyidzadə Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.
Bizim.Media