Rusiya-Ukrayna münaqişəsində Azərbaycanın MÖVQEYİ - Siyasi gedişlərin PƏRDƏARXASI

Hazırda oxunan: Rusiya-Ukrayna münaqişəsində Azərbaycanın MÖVQEYİ - Siyasi gedişlərin PƏRDƏARXASI

62816

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Gürcüstan və Qırğızıstandakı səfirlərini məsləhətləşmək üçün geri çağırıb.

Belə ki, Zelenski bu addımına səbəb kimi sözügedən ölkələrin Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatla bağlı mövqeləri göstərilib.

Əvvəla onu qeyd edək ki, bu iki ölkənin Rusiyanın Ukrayna ərazisində apardığı hərbi əməliyyatlara reaksiyası heç də eynilik təşkil etməyib. Belə ki, Qırğızıstan tərəfi, ümumiyyətlə, məsələ ilə bağlı mövqe bildirməməyə üstünlük verib. Lakin Qırğızıstan Prezidenti Sadır Japarov Kremlin Donetsk və Luqanskın müstəqilliyini tanımasına heç də birmənalı yanaşmayıb.

“Ola bilsin ki, çoxlu sayda Rusiya vətəndaşının yaşadığı Donbası qorumaq üçün Moskva bu addımı atıb”, - deyə qırğız lider bəyan edib.

KTMT-ə üzv olan digər ölkələr kimi olaylara səssiz qalmaq yerinə, Ukraynanın suverenliyinə zidd bu cür açıqlamanın verilməsi Kiyevi qarşılıq verməyə vadar edib.

Uman yerdən küsərlər

Lakin Gürcüstanın Ukrayna böhranındakı mövqeyi daha çox təəccüb doğurub. Gürcüstan Baş naziri İrakli Qaribaşvili Rusiyaya qarşı sanksiyalara qoşulmayacaqlarını elan edib. 
 

“Mən Gürcüstanda 2008-ci ildə baş verənləri, Tbilisiyə doğru hərəkət edən rus tanklarını görmək istəmirəm”


Bu fikirlər Gürcüstan xarici işlər naziri David Zalkaliani tərəfindən səsləndirilib. Lakin XİN rəhbəri ölkəsinin Ukraynanın ərazi suverenliyini dəstəkədiyini də fikirlərinə əlavə edib. Görünür, 2008-ci ildə Ukrayna ilə bənzər taleyi yaşayan Tiflisin indiki situasiyada sərgilədiyi mövqe Zelenski administrasiyasını qane etməyib.

Davam edən proseslər fonunda Ukraynanın Azərbaycana qarşı mövqeyi də diqqət çəkir.

Əvvəla onu qeyd edək ki, Gürcüstanda Ukraynaya xalq dəstəyi Azərbaycana nisbətdə heç də az deyildi. Tiflisin mərkəzində çoxminlik dəstək aksiyasının baş tutmasıda heç kimi sirr deyildi. Eyni zamanda Gürcüstan da Ukraynaya humanitar yardımla yadda qalıb.

Lakin Azərbaycanın münaqişədən əvvəl Ukrayna ilə əməkdaşlığını inkişaf etdirməsi, görünür, Kiyevin bugünki siyasi kursuna da təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin yanvarın ortalarında Ukraynaya səfəri və əldə olunan razılaşmalar bu gün rəsmi Bakının tutduğu neytral mövqeyin Kiyevdə qıcıqla qarşılanmamasının ən vacib səbəblərindən biridir.

Digər önəmli nüans isə, yəqin ki, Gürcüstan XİN rəhbərinin “Tiflisə gələn rus tankları” açıqlamasına yer veməklə Moskvadan çəkindiyini hiss etdirməsi olub. Əvəzində, İlham Əliyev Moskvada səfərdə olarkən belə, Azərbaycanın Ukrayna böhranındakı siyasi mövqeyini açıq şəkildə ortaya qoymuşdu.

Üçüncü vacib məqam kimi isə Azərbaycanın hələ hərbi əməliyyatlar başlamadan öncə tərəflər arasındakı narazılıqların sülh yolu ilə həll olunmasına yönələn mövqe sərgiləməsi idi.
 

Əgər rəsmi Bakı siyasi kursunda müharibə başladıqdan sonra radikal dəyişikliklərə getsə də yəqin ki, savaş vəziyyətində olan Ukraynanın digər aktorlarla həssas duruma gələn münasibətləri fərqli hal alardı.


Təbii ki, sadalanan vacib nüanslara nəzər saldıqda, rəsmi Bakının hələ münaqişə başlamadan öncə etdiyi gedişlərin bu gün Azərbaycanın neytral mövqeyini qəbuledilən hala gətirdiyini söyləyə bilərik. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin