Ukraynadakı Müharibənin Zəngəzur dəhlizinə TƏSİRLƏRİ – Dayandırılacaq? 

Hazırda oxunan: Ukraynadakı Müharibənin Zəngəzur dəhlizinə TƏSİRLƏRİ – Dayandırılacaq? 

62795

Çindən Avropaya gedən üç tranzit yolundan “Orta Dəhliz”in önəmi artmaqdadır. Buna səbəb Rusiya-Ukrayna müharibəsinin “Şimal Dəhlizi” tranzit xəttinə mane olması və İrana qoyulan embarqo, nüvə silahları danışıqlarının uğursuzluğu və Orta Şərqdə münaqişələrdən qaynaqlanaraq “Cənub Dəhlizi”-nin əhəmiyyətinin azalmasıdır.

Bizim.Media xəbər verir ki, Çindən Avropaya gedən ən sürətli yolun “Orta Dəhliz”in olması və yolboyu yerləşən dövlətlərin verdiyi təminat onun rentabelliyini artırıb.

Sözügedən tranzit xəttində əsas iki lövbər rolunu oynayan isə Azərbaycan və Türkiyədir. II Qarbağ Müharibəsində əldə edilmiş qələbədən sonra Azərbaycanın çəkisi daha da artıb və ölkəmizin təhlükəsizliklə bağlı təminat reytinqində də irəliləyiş olub. 

Beynəlxalq Münasibətlərin təhlili mərkəzinin iqtisadi eksperti Orxan Bağırov məsələni şərh edib.

“Bildiyimiz kimi son illər Azərbaycanın həyata keçirdiyi xarici iqtisadi siyasətin əsas priroritetlərindən biri də Azərbaycanın regionda nəqliyyat habına çevrilməsidir. Nəqliyyat səhasində bir çox layihələri icra etməklə Azərbaycan bu məqsəd nail olub, artıq Şərq-Qərb və orta koridor nəqliyyat dəhlizlərinin əsas oyunçularından biridir”.

İqtisadi ekspert bildirir ki, hazırda Rusiya-Ukrayna arasında yaşanan hərbi qarşıdurma nəticəsində yaranmış vəziyyət eyni zamanda Avrasiyada yükdaşımalara da əsaslı şəkildə təsir edəcək və bu da “Orta Dəhliz”-in əhəmiyyətini daha da artıracaq. Bu məsələdə Zəngəzur dəhlizinin təcili işə salınması da aktuallaşır.

Ermənistan tərəfindən bu vaxta qədər gətirilən bəhanələrə də artıq əhəmiyyət kəsb etməyəcək, çünki yaranmış vəziyyət Zəngəzur dəhlizini də nəfəslik halına gətirəcək:

“Çin və Avropa arasında quru yükdaşımaları əsasən Rusiya vasitəsilə həyata keçirilirdi. Ona görə də yükdaşımalar ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqi alternativ yol kimi orta koridorun əhəmiyyətini daha da artıracaq. Bu isə bu dəhlizdə iştirak edən bütün ölkələrin, o cümlədən Azərbaycanın da tranzit ölkə kimi rolunu böyüdəcək. Bu həm də Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsi və tranzit gəlirlərinin artması deməkdir”.

Orxan Bağırov bununla yanaşı qeyd edib ki, Azərbaycan həm də dünyada enerji təhlükəsizliyinə tövhə verən əsas ölkələrdən birinə çevrilib. 

“Cənub Qaz Dəhlizinin işə düşməsi və bu dəhliz vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə tövhəsinin artması onun beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyini möhkəmləndirib. Rusiya-Ukrayna arasında yaşanan hərbi qarşıdurma həm də enerji bazarlarına da əsaslı şəkildə təsir etməkdədir.
 

Bu dövrdə Avropada yarana biləcək çatışmazlığın aradan qaldırılmasına Azərbaycan da özünün ehtiyatları hesabına tövhə verə bilər. Bu isə Azərbaycanın Avropanın əsas qaz təchizatçılarından biri kimi mövqeyini daha da möhkəmləndirə bilər”.


Həmçinin iqtisadi ekspert “Orta Dəhliz” tranzit xəttinin gömrük və logistika sahəsinə təsiri mövzusuna da toxunub.

“Bura daha çox tranzit malları aid olacaq, yəni bizdən gəlib keçən məhsullar. Ona görə, ilk mərhələdə gömrük baxımından elə çox bir şey dəyişməyəcək. Logistika ilə bağlı isə qeyd etdiyim kimi ölkə daxilində yükdaşımadan əldə edəcəyimiz gəlirlər artacaq”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin