Qərbin Rusiyaya enerji sanksiyalarından qaçma SƏBƏBLƏRİ – Azərbaycan alternativə çevrilə bilərmi?

Hazırda oxunan: Qərbin Rusiyaya enerji sanksiyalarından qaçma SƏBƏBLƏRİ – Azərbaycan alternativə çevrilə bilərmi?

62761

“Biz Qərbin enerji sanksiyalarına nəzər yetirdikdə görürük ki, yalnız 2014-cü ilin avqustunda tətbiq olunan enerji sektoruna texnoloji sanksiya qüvvədədir. İkincisi, 2022-ci il fevralın 24-dən sonra tətbiq olunan sanksiyalar içərisində enerji sektoruna dair cəmi bir maddə var; Avropa Komissiyası Rusiyanın neftayırma sənayesinə texnoloji dəstəyin verilməsini qadağan edib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında energetika eksperti İlham Şaban bildirib.

Ekspert Rusiyaya enerji sanksiyaların tətbiqinin gündəmdə olmadığını qeyd edib:

“Avropa yalnız Rusiya neft sənayesinin modernizasiya üçün lazım olan texnologiyaların satışını bloklayıb. Həmin komponentlər əsasən Fransa, İtaliya və Almaniyadan gətirilirdi. 2021-ci ildə bunun dəyəri 1 milyard 340 milyon dollar olub. Hələ nə xam neftin, nə təbii qazın, o cümlədən də maye qazın ixracı ilə bağlı sanksiyanın heç söz-söhbəti belə yoxdur. Onlarda anlayır ki, söhbət təkcə Rusiyaya olan nifrətdən, təhlükəsizlikdən yaxud asılılıqdan getmir. 

Tutaq ki, sən dedin Rusiyadan almıram. Hətta özünü birtəhər yola verdin belə. Bu gün Avropada 1500 dollara satılan qaz, 100 dollara satılan neftin hansı qiymətə gəlib çıxacağını mən təsəvvür edə bilmirəm. Sanksiyanı tətbiq edən ölkələr və digərləri bu qiymətlərdən xoşhal olacaqlarmı? Əlbəttə ki, yox. Ona görə də nəzərə almalıyıq ki, Rusiya qaz ixracına görə dünyada ilk pillədədir. Türkiyə və Avropaya qaz satışının həcmi ötən il 170-180 milyard kubmetr təşkil edib.
 

Rusiyanın günlük neft hasilatı isə 11 milyon bareldir. Bundan əlavə, Rusiya ötən il Avropaya 51 milyon ton daş kömür satıb”.


Rusiyanın enerji xəzinəsi kimi rolunun böyüklüyünü qiymətləndirən ekspert vurğulayıb ki, hələ SSRİ-yə ən ağır sanskiyalar tətbiq olunduğu vaxtda belə, enerji məsələləri qadağalardan kənarda qalıb və idxal həcmi get-gedə artıb.

İlham Şaban Azərbaycanın Avropa üçün alternativ mənbə kimi görülməsinə də münasibət bildirib:

“Azərbaycan qazı ətrafında deyilənlərin böyük əksəriyyəti, xüsusilə də, Avropadan gələn açıqlamalar siyasi xaraterdən başqa heç bir məna kəsb etmir. Çünki Azərbaycan 2013-cü ildə Avropanın 10 şirkəti ilə qaz satışı ilə bağlı müqavilə imzalayıb. 2018-in axırında biz nəqlə başlamalı idik, lakin bu ötən il baş verdi. Bu Avropanın bizim qaza olan mövqeyidir. Havalar isti keçirdi, onlar da havalanmışdılar.  
 

Müqavilələrə əsasən, ilk etapda 10 milyard kubmetr qaz verilməlidir. Lakin boru kəmərinin ötürmə gücü 20 milyard kubmetr üçündür. Keçən ilki ixrac 8,5 milyard kubmetrdir. Bu il üçün həcm 10,5 milyard olacaq.


Azərbaycan Prezidenti xarici mətbuata verdiyi açıqlamasında 2023-cü ildə bu göstəricinin 11 milyard kubmetrə çatacağını bildirib. Avropanın Azərbaycan qazını Rusiyaya alternativ kimi göstərməsi ilə bağlı İlham Əliyev də qeyd edib ki, biz rəqib deyilik. Faktiki nəzərdə tutulan 20 milyard isə 2028-2029-cu ildə reallaşa bilir.

İndiki situasiyada bunu bayraq etmək siyasi ambisiyadan başqa bir şey deyil.

Azərbaycan öz öhdəliyini yerinə yetirir, əlavə qaz istəndikdə verir. Tutaq ki, Avropa 30 milyard istəsə belə, biz o həcmi nə ilə ötürəcəyik? Bir boru kəmərinin maksimum gücündən artıq ixrac etmək, təbii ki, mümkünsüzdür”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin