Kiyev ətraf ərazilərinin bəzilərinin işğalı və rus ordusu tərəfindən əhatələnməsi Zelenskinin ölkənin müdafiəsi üçün atacağı növbəti addımı şübhə altına salır. Ukrayna təslim olacaq yoxsa Rusiya ağır sanksiyalardan sonra geri çəkiləcək?
Bizim.Media-a bu mövzu ilə bağlı müsahibə verən politoloq Fikrət Sadıqov məsələni izah edib. Onun sözlərinə görə, nə Ukrayna təslim olacaq, nə də Rusiya geri çəkiləcək.
“İş orasındadır ki, rus hərbi əməliyyatları göstərir ki, onlar iki-üç gün üçün qoyulan hədəflərə çata bilmədilər. Artıq beşinci gündür, Rusiya hələ də hansısa bir iri şəhərin idarəsini ələ ala bilməyib. Ukrayna ciddi şəkildə müqavimət göstərir. Görünür, bu Moskva tərəfindən gözlənilən deyildi”.
Fikrət Sadıqov qeyd edib ki, uzunmüddətli proqnoz vermək çətindir, lakin ilk növbədə tərəflər atəşkəsə nail olmalıdırlar.
“Atəşkəs haqqında müəyyən bir razılıq əldə olunmalıdır. İndi onlar arasında danışıqlar gedir. Mən inanmıram, onlar ciddi bir qərar qəbul etsinlər. Hər halda atəşkəs elan olunsa, bu, heç olmasa, vəziyyəti bir balaca yumşalda bilər”.
Fikrət Sadıqovun vurğulayır ki, burada birtərəfli atəşkəs ola bilməz.
“İlkin addım atəşkəsin elan olunmasıdır. Sonradan digər siyasi məsələlər müzakirə oluna bilər”.
Bəzi Qərb analitiklərinin fikrincə də Rusiyanın hücum taktikasını seçməsi Ukraynada onsuz da ruslara qarşı olan nifrəti bir az da dərinləşdirib.
Müharibə hər hansı tərəfin geri addımı ilə bir müddət susdurula bilər, amma bu köklü həll yolu olmayacaq. Konflikt uzun müddətə hesablanmış dərin köklərə malikdir və hansısa tərəfin tam qələbəsini təmin etməyincə, illərlə közərə-közərə qalacaq. Maraqlı fikir isə ondan ibarətdir ki, Rusiyanın nə qalib, nə də məğlub olacağı vəziyyətdə onu heç bir uğurun gözləməməsidir.
Mia Quliyeva, Bizim.Media