“Mozalan”ın məşhur vızıltısını lentə alan SƏS OPERATORU: Bu gün 75 yaşı tamam olur - FOTO

Hazırda oxunan: “Mozalan”ın məşhur vızıltısını lentə alan SƏS OPERATORU: Bu gün 75 yaşı tamam olur - FOTO

62577

Martın 1-i Azərbaycanın tanınmış kino xadimi, Kinematoqrafçılar İttifaqının üzvü, (AKİ) Əməkdar mədəniyyət işçisi, Əsəd Əsədovun doğum günüdür.

Bizim Media xəbər verir ki, bu gün ömrünü kinoya həsr edən tanınmış səs rejissorunun 75 yaşı tamam olur. 

Əsəd Əsədov  (“Çarvadarların izi ilə” (1974) , “Firəngiz” (1975), “Arxadan vurulan zərbə” (1977), “Mən mahnı qoşuram” (1978), “Qorxma, mən səninləyəm” (1981), “Bəyin oğurlanması” (1985), “Cin Mikrorayonda” (1985), “Qanlı zəmi) (1985), “Süd dişinin ağrısı” (1987), “Tələ (1991), “Fəryad” (1993), “Ailə” (1998), “Etimad telefonu” (2001), “Arxada qalmış gələcək” (2004), “Küçələrə su səpmişəm) (2004), “Əlvida, cənub şəhəri) (2006), “Biz qayıdacağıq” (2007), “Məhkumlar” (2007), “Silahdaşlar” (2019) və s.) kimi filmlərin səs operatoru və səs rejissoru olub. 

Yubiley günündə Bizim Media-ya özəl açıqlama verən Əsəd Əsədov son illər evdə qalmağa, dost-tanışları ilə telefon ünsiyyəti qurmağa daha çox üstünlük verdiyini deyir:

“Səhərdən dostlarım zəng edir, çoxlu təbriklər alıram. Əvvəllər tez-tez yığışardıq. Son illər evdən çıxmaq istəmirəm. Amma o demək deyil ki, əhvalım yaxşı deyil. Əksinə həyatımda hər şey qaydasındadır. Kinomuzun sabahına da pozitiv yanaşıram. İstedadlı gənclər var.
Azərbaycan kinosunun gələcəyinə ümidlə baxıram. Davamçılarım var. Hətta məndən də  yaxşı olacaqlarına inanıram. Müasir dövrdə səs yazılışı çox inkişaf edib, kompyuterdə imkanlar daha genişdir. Mənim işim səslə bağlıdır. Səsə qulaq asıram, səsi yazıram. Bu gün səs yazılışında böyük irəliləyiş var, biz o vaxt səsi lentə yazırdıq. O, dövrdə texnikanın imkanları məhdud idi. Bu gün isə vəziyyət çox yaxşıdır. Texniki imkanlar yüksək səviyyədədir. Mən 150-dən çox filmdə səs rejissoru kimi çalışmışam.

“Mozalan”-ın məşhur vızıltısını lentə mən yazmışam. Həmin səsi rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə həkk eləmişik”.

Qeyd edək ki, Əsəd Əsədov səs operatoru olduğu “Yaramaz” filminə görə Dövlət Mükafatına, 2000-ci ildə Əməkdar mədəniyət işçisi adına, 2003-cü ildə “Ailə” filmindəki işinə görə “ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına layiq görülüb.

Ülviyyə Həsənqızı, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin