Bakı-Qazax yolunun genişləndirilməsi işləri ilin sonuna qədər yekunlaşacaq - FOTO/VİDEO 

Hazırda oxunan: Bakı-Qazax yolunun genişləndirilməsi işləri ilin sonuna qədər yekunlaşacaq - FOTO/VİDEO 

62491

Beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilərək yekunlaşdırılır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib. 

Yol boyu işlərin fiziki tərəqqisi 80% təşkil edir. Tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. 

Layihəyə əsasən yolun ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək. 
Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 82 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 574 dairəvi suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib. 

130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək.  

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin