Ukraynada döyüşlər zamanı ölən və yaralanan azərbaycanlıların sayı AÇIQLANDI

Hazırda oxunan: Ukraynada döyüşlər zamanı ölən və yaralanan azərbaycanlıların sayı AÇIQLANDI

62191

Ukrayna ərazisində davam edən hərbi qarşıdurma səbəbindən Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan Azərbaycanlıların 8 avtomobildən ibarət kolonu 27 fevral 2022-ci il tarixində təxminən 2:00 radələrində tanınmamış “Dnestryanı Respublikası” yaxınlığında Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan atəşə tutulub.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Ukraynadakı Səfirliyindən bildirilib.

Atəş nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan 1976-cı il təvəllüdlü İsmayılov Neymət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim və 1995-ci il təvəllüdlü İsmayılov Qabil həlak olublar.

Həlak olanların qohumlarından əldə edulən məlumata əsasən, daha dörd nəfər Azərbaycan vətəndaşı yaralanıb. Hadisə yerinə Ukrayna polisi gəlmiş, cəsədlər morqa, yaralı vətəndaşlar isə xəstəxanaya aparılmışdır. Yaralananların vəziyyətinin yaxşı olduğu bildirilir.

Həmçinin 27 fevral 2022-ci il tarixində səhər 9:00 radələrində Xarkov şəhərinin mərkəzində sakitçilik şəraitində küçəyə su almaq üçün çıxmış Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov naməlum istiqamətdən gülləyə tuş gələrək, qətlə yetirilmişdir.

Mövcud vəziyyətlə bağlı, imkan yaranan ilk fürsətdə mərhumların nəşlərinin Azərbaycana göndərilməsi planlaşdırılır.

Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik.

Ukraynanın müxtəlif ərazilərində təhlükəsizlik vəziyyətinin gərgin olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynadakı səfirliyi tərəfindən öncədən də bildirildiyi kimi, bütün vətəndaşlarımızdan yaşadıqları yerlərdə qalmağı, komendant saatı tələblərinə riayət etməyi, hərbi obyektlərdən və aktiv əməliyyatların getdiyi yerlərdən uzaq durmağı, çox ciddi ehtiyac yaranmadıqca olduqları yeri tərk etməməyi, həmçinin vəziyyətlə bağlı Ukrayna dövlət qurumlarının məlumatlarının, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və səfirliyin internet səhifələrinin izlənməsini xahiş edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin