Ermənistanın 3-cü prezidenti, Xocalıda baş verən qətliamların fəal iştirakçısı Serj Sarkisyan britaniyalı jurnalist, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaala müsahibəsi erməni vəhşiliyinin rəsmi səviyyədə təsdiqidir.
Amma özünün də etirafına baxmayaraq, bu qaniçən cəllad o biri qatillərlə birgə hələ də Haaqa Məhkəməsinin tribunalından kənarda qalmağı bacarıb.
Əslində bu dünyanın ikilistandartlarla idarə edilməsinin və Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, beynəlxalq hüququn yoxluğunun bariz nümunəsidir. Çünki tək bu müsahibə bəs edərdi ki, Xocalı cinayətlərində əli olan hər bir cinayətkar çoxdan zindanlarda çürüsün.
Çünki Sarkisyan müsahibədə Xocalıdakı soyqırımın əvvəlcədən, düşünülmüş akt olduğunu və bu soyqırımda Rusiyanın 366-cı motoatıcı alayının iştirakını birbaşa etiraf edir.
Müsahibə 15 dekabr 2000-ci ildə, Sarkisyan müdafiə naziri olarkən alınıb. De Vaalın "Qarabağ – qara bağ” kitabında əksini tapan sözügedən müsahibəsinin Xocalı haqda olan hissəsini təkrar nəzərdən keçirək:
Tomas de Vaal: ...Məndə olan məlumata görə, 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub.
Serj Sarkisyan: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma, birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar "Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər.
İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırki komandanı, general-leytenant Seyran Ohanyan orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma bir neçə zabir bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur.
Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?
Serj Sarkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər.
Bundan başqa, demək olar ki, Stepanakertin (Xankəndi nəzərdə tutulur - red) tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.
Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə çox şey şişirdilib.
Azərbaycanlılara hər-hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cürə müqayisə etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur.
Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli o da döyüş əməliyyatlarında iştirak edir...
Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki...
Serj Sarkisyan: Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi...
Bizim.Media