“Rusiya ilə imzalanmış bəyannamə Azərbaycanın Türkiyə ilə münasibətlərinə xələl gətirə bilməz” – ŞƏRH

Hazırda oxunan: “Rusiya ilə imzalanmış bəyannamə Azərbaycanın Türkiyə ilə münasibətlərinə xələl gətirə bilməz” – ŞƏRH

61447

“Aydındır ki, Rusiya ilə imzalanmış bəyannamə heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik anlamına gəlmir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov ötən gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə barədə danışarkən deyib. 

Onun sözlərinə görə, regionda son zamanlar formalaşan yeni düzən və xüsusən də dünyanın fərqli qütbləri arasındakı münasibətlərin heç də xoş olmaması Azərbaycanın öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasətinin şaxələndirilməsini daha da aktuallaşdırır. 

Deputat ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni xatırladaraq qeyd edib ki, sənəd artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifkasiya olunub: 

“Bu sənəd iki qardaş ölkələr arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirib və ölkəmiz bununla da öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanıb.  Azərbaycan türk dovlətləri ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. Bu baxımdan, hər hansı digər ölkələr ilə bağlanan anlaşmalar Azərbaycanın türk dövlətləri ilə münasibətlərinə hər hansı xələl gətirə bilməz”.  
 

MÖVZU İLƏ BAĞLI:

“Nabukkonun yenidən reallaşması müzakirə olunmur” - Vüqar Bayramov


Milli Məclis üzvü bildirib ki, ötən gün imzalanan Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərərk münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir: 

“Bunun indiki sürətlə dəyişən regionda necə vacib olduğunu təsəvvür etmək çətin deyil. Sənəddə ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır. Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. 

Sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanmasıdır. Ən əsası, Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsindən sonra artıq Ermənistan üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən öz maraqları üçün faydalana bilməyəcək”.  

Vüqar Bayramov qeyd edib ki, bütövlükdə, Moskvada imzalanan sənəd Azərbaycanın Türkiyə və digər türk dovlətləri ilə münasibətlərinə hər hansı xələl gətirməmək, əkinsə həmin əlaqələrin daha da güclənməsi fonunda dünyada bütün güc mərkəzləri ilə münasibətləri daha yüksək səviyyəyə çatdırmaqla ölkəmizin milli təhlükəsizliyinin qorunmasını baxımdan vacib idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin