Moskva və Şuşa bəyannaməsi ARASINDA - Azərbaycan hansı manevr imkanları qazanır? - TƏHLİL

Hazırda oxunan: Moskva və Şuşa bəyannaməsi ARASINDA - Azərbaycan hansı manevr imkanları qazanır? - TƏHLİL

61441

“Şuşa Bəyannaməsi”ndən sonra imzalanan “Moskva bəyannaməsi” siyasi aspektdən nə deməkdir? İmzalanmış sənəddən irəli gələn müxtəlif sahəli çoxlu dvidendlər olsa da bunun arxasında daha ciddi hansı siyasi gediş dayanır? Türkiyə ilə Azərbaycanın daha sıx əməkdaşlığına yönəlik təhlükə və ya qısqanclıq varmı? 

Əslində bu tipdə suallar çoxdur, amma onlar ətrafında çözümə başlayanda cavab daha aydın ortaya çıxır.  

İlk olaraq onu qeyd etmək vacibdir ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik haqqında bəyannamənin imzalanaması birdən-birə ortaya atılan sənəd kimi qiymətləndirilməməlidir. Çünki hələ 2021-ci ilin ortalarından etibarən, Rusiya ilə əməkdaşlığımızı daha da inkişaf etdirəcək müqavilənin hazırlandığı qeyd rəsmilər tərəfindən qeyd olunurdu.

Bundan əlavə, müttəfiqlik haqqında bəyannamənin “Şuşa Bəyannaməsi”nə qarşı qoyulması absurd yanaşmadır.

Çünki hər iki sənəd regionun iki böyük oyunçusu ilə Azərbaycanın bərabərtərəfli müttəfiqliyini ön plana çıxarır. Eyni zamanda bu, gələcək perspektivdə Türkiyə-Rusiya münasibətlərinin inkişafında Azərbaycana real imkanlar yaradır. Bölgənin əsas gücləri ilə ən yüksək səviyyədə əməkdaşlığın olması isə rəsmi Bakının da regionun əsas söz sahiblərindən olduğunu bir daha təsdiqləyib. Eyni zamanda məsələyə qeyri nikbin yanaşanlar onu da anlamalıdırlar ki, bu sənədlərdən hər hansı biri xatalıdırsa, digəri ilə balanslaşdırlmış olur.  

Yəni, Azərbaycan illərdir yürütdüyü balanslaşdırma siyasətinə sadiq qalaraq, milli maraqlarını ön planda saxlayır. Bu qədər bəsit!
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı - VİDEO


Başqa bir yanaşma isə ondan ibarətdir ki, imzalanmış istənilən sənəd əl-qolu bağlamış olur. Amma bu daha çox elə ölkələr üçün təhlükəlidir ki, onlar daha çox əl-qol hərəkətinə üstünlük verirlər. Mövcud vəziyyətdə isə Azərbaycanın bütün hərəkətləri düşünülmüş, hesablanmış xarakter daşıyır. Yəni, onun hərəkətlərində xaotiklik və beynəlxalq normalardan xaric heç nə yoxdur. 

“Moskva Bəyannaməsi” adı ilə siyasi leksikona daxil olan müttəfiqlik sənədinin Azərbaycan üçün müsbət nüansları isə kifayət qədərdir:

1. Sənəddə ölkələrin bir-birilərinin ərazi bütövlüklərini tanıması ilə “Dağlıq Qarabağın müstəqilliyi” ilə bağlı iddialar birdəfəlik olaraq tarixə qovuşdu.

2. Bəyannamədə öz əksini tapan terrorçuluq, ekstremizm və separatçılığa qarşı səylərin birləşdirilməsi məsələsi son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizə açılan atəşlərin kəsiləcəyini deməyə əsas verir. Çünki keçmiş konfliktin başa çatmasında əsas vasitəçi olan Rusiyanın hərbi kontingenti bu bəyannamə ilə birlikdə Qarabağın ermənilər yaşayan hissəsindəki separatçılıq cəhdlərini yerindəcə susdurmalı olacaq.

3. Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönələn xarici siyasət yürüdürlər müddəası heç bir halda rəsmi Bakının beynəlxalq sferada fəaliyyətinə maneə törədilməyəcəyinin isbatıdır. Onu da qeyd edək ki, mart ayından etibarən Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sazişin imzalanması ilə bağlı dialoqun növbəti mərhələsi start götürəcək.

4. Rusiya kimi böyük logistik və iqtisadi potensiala malik ölkə ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi isə istənilən halda faydalı hesab olunur.
 

Lakin bəyannamənin Rusiya üçün əhəmiyyətini də gözardı etmək olmaz. Xüsusilə də, Qərbin Rusiyaya qarşı vahid koalisiyada birləşdiyi bir vaxtda Kremlin neytral siyasət yürüdən ölkələrlə münasibətlərini inkişaf etdirməsinin önəmi danılmazdır.


Eyni zamanda Rusiyaya qarşı tətbiq olunmağa başlayan sanksiyalar fonunda da Moskvanın alternativ tərəfdaşlar tapmağa ehtiyac yaranıb. Çünki mövcud dünya reallığında hər hansı dövlətin iqtisadi tərəfdaşlarının çoxluğu ölkənin inkişafını təmin edən ən önəmli faktorlardan biri kimi qəbul olunur.

Sonda xatırlatmağımız vacibdir ki, “Moskva Bəyannaməsi” həm də Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı qələbənin regionda yaratdığı yeni geosiyasi reallığın təsdiqidir.

Artıq bölgənin iki əsas oyunçusu ilə Azərbaycanın ən yaxın səviyyədə müttəfiqliyi rəsmi sənədlərlə təsdiqlənib.

Həmçinin Rusiya ilə tərəfdaşlığın güclənməsinin rəsmi Bakının regional siyasətində 2 əsas prioriteti kimi qəbul olunan (Ermənistanla sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması) hədəflərə daha qısa periodda çatacağımızı proqnozlaşdırmağa imkan verir. Daha dəqiq desək, “Moskva bəyannaməsi” 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ilə razılaşmalarının icrasını daha da sürətləndirəcək. 

Yekun olaraq onu deyə bilərik ki, Moskva və Şuşa bəyannamələri arasında sözünə sahib və söz sahibi olan Azərbaycan durur! 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin