Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin istefa məsələsinə bu gün yekun vurulacaq. Az sonra AMEA Rəyasət Heyətinin iclası baş tutacaq və keçmiş prezidentin yerinə yeni təyin olunacaq şəxsin adı açıqlanacaq.
Bu barədə Bizim.Media-ya AMEA rəsmisi Azadə Balayeva məlumat verib. Onun sözlərinə görə iclasda Rəyasət Heyətinin üzvləri ilə yanaşı qonaqlar da iştirak edəcək:
“Yeni təyin olunacaq şəxsin kimliyi bizə də bəlli deyil. Bu gün iclasda açıqlanacaq”.
MÖVZU İLƏ BAĞLI:
AMEA-da prezident seçkilərinin vaxtı BİLİNDİ – Ramiz Mehdiyevin yerinə o seçiləcək
AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun təyinat alacağı ehtimal edilir. AMEA rəsmisi bu məsələyə də münasibət bildirib. O, deyib ki, bu barədə dəqiq məlumatları yoxdur.
Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin az sonra baş tutacaq iclasına keçmiş təhsil naziri Misir Mərdanovun da qatılacağı deyilir. Özü ilə əlaqə saxlamaq isə mümkün olmayıb.
Xatırladaq ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.
Alçina Amilqızı, Bizim.Media