İran prezidenti əli azərbaycanlı qanına batmış Sarkisyanı, Koçaryanı qucaqlayırdı – Ekspertlərdən sərt açıqlama

Hazırda oxunan: İran prezidenti əli azərbaycanlı qanına batmış Sarkisyanı, Koçaryanı qucaqlayırdı – Ekspertlərdən sərt açıqlama

6084

İranın Şazand şəhərinin deputatı Mahmud Ahmedi Bilaş çıxışında Azərbaycanın bir hissəsinin İran ərazisi olduğunu və bu ərazilərin tezliklə İrana geri qaytarılmalı olduğunu deyib.

Mövzunu politoloq Cümşüd Nuriyevlə davam etdirdik. O, Bizim.Media-ya açıqlamasında zamanla İrandan bu cür absurd fikirlərin səslənməsinin gözlənilən olduğunu deyib. 

''Biz İranın bu cür sərsəm açıqlamalarını görmüşük və bundan sonra da görməyə davam edəcəyik. Bu zaman ərzində farslar öz iç üzlərini açıb ortaya qoydular. Onlar vaxtı ilə ermənilərlə bir yerdə yaşayıblar və ona görə də bütün türklərə düşmən kəsiliblər. Molla rejimi bunların o qədər başını xarab edib ki, beynəlxalq hüquqdan da bixəbərdirlər''.

''Hətta Paşinyan Azərbaycan sərhədlərini tanımaq məcburiyyətində qaldı. 1300 il ərzində İranı dövlət kimi türklər saxlayıb. 1550-80 ci illər arasında 30 il İranda farslar hakimiyyətdə olub. İkinci dəfə 1979-cu ildə hakimiyyətə gəliblər. Sadəcə, bunlar bunu həzm edə bilmirlər. İranın qorxusu şimali və cənubi Azərbaycanın birləşməsidir. Bundan başqa Naxçıvan dəhlizinin açılması rəsmi Tehranın qorxularını daha da artırıb'',- deyə o vurğulayıb.

Millət vəkili Razi Nurullayevin fikrincə, Azərbaycan hər zaman İranla əlaqələrini qoruyub saxlamağa çalışıb. O, bu mehribançılığa İran tərəfinin heç vaxt əməl etmədiyini deyib. 

''Ümumiyyətlə, Azərbaycan hər zaman İranla dost və qonşuluq siyasəti aparmağa üstünlük verir. Amma təəssüflər olsun ki, İranın bəzi xadimləri, siyasətçiləri tərəfindən qeyri-adekvat, normal qonşuluq siyasətinə uyğun gəlməyən fikirlər, bəyanatlar səsləndirilir. Bu da təbii ki, Azərbaycanı narahat edir. Hətta müharibə zamanı İran Norduz keçid məntəqəsindən Ermənistana silah keçirməsi haqqında videolar da yayılmışdı''.

''Bu yaxınlarda isə orada saxlanılan silahların yenidən Ermənistan ərazisinə ötürüldüyü barədə yeni görüntülər yayılıb. Ona görə, İran oturub öz siyasətini gözdən keçirməlidir, əgər ədalətli idisə ermənilərin məscidlərdə donuz saxlamaqlarına görə öz etirazını bildirərdi, bəs, o necə müsəlman ölkəsidir?'',- deyə millət vəkili bildirib.

Tarixçi Cəbi Bəhramov isə bildirib ki, tarixdə İran dövləti deyilən bir ərazi olmayıb. Bu ad ilk dəfə Pəhləvilər tərəfindən səsləndirilib. O, azərbaycanlıların qədim xalq olaraq, bu ərazilərin əzəli sakinləri olduğunu qeyd edib.

''Tarixdə ümumiyyətlə, İran dövləti olmayıb, bu, coğrafi anlayışdır. Bu adı dövlətə 1935-ci ildə hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Pəhləvilər verib. Ona qədər isə İran deyilən bir əraziləri Ərəb xilafətinin süqutundan sonra Cənubi Azərbaycan da daxil olmaqla ən qədim zamanlardan 1924-cü ilə qədər Azərbaycan sülalələri idarə edib''.

''Digər tərəfdən 1828-ci ildə Çar Rusiyasının işğalından sonra Şimali Azərbaycan torpaqları bir müstəmləkə olaraq, çar Rusiyasının tərkibində olub. Sonradan 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaradılıb. 1920-ci ildə isə Sovet hakimiyyəti Azərbaycanı işğal edərək, tərkibinə qatıb. Yenidən Azərbaycan 1991-ci il oktyabrın 18-də öz torpaqlarında müstəqilliyini bərpa edib'',- deyə tarixçi deyib.

O, İranın Azərbaycana qarşı olan ərazi iddialarının fars şovinizmindən və savadsızlıqdan irəli gəldiyini də vurğulayıb.

“Azərbaycan xalqı bu torpaqların ən qədim sakinləridir. Deyəsən, İranı erməni qardaşlarının Azərbaycan tərəfindən məğlub edilməsi yaman məyus edib. Çünki İran yeganə müsəlman dövləti idi ki, ermənilərə qucaq açmışdı. İranın prezidenti əli minlərlə azərbaycanlı qanına batmış Sarkisyanı, Koçaryanı bağrına basıb qucaqlayırdı”,- deyə, o, sözünü tamamlayıb. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin