Bir ailənin faciəsinə səbəb olan yol  - 30 dəfə “təmir olunan” Bakı-Quba magistralı nə vaxt DÜZƏLƏCƏK? - VİDEO

Hazırda oxunan: Bir ailənin faciəsinə səbəb olan yol  - 30 dəfə “təmir olunan” Bakı-Quba magistralı nə vaxt DÜZƏLƏCƏK? - VİDEO

60736

Qusara yasa gedən ailənin qəza görüntüləri ilə bağlı məsələ aktuallaşıb. Görüntülərdən belə məlum olur ki, Bakı Quba yolunda 3 nəfərin ölümü ilə nəticələnən qəzanın əsl səbəbi yolun təhlükəli olmasıdır. Düzdür, qəza zamanı sürət həddinin çox olması da diqqətdən yayınmır.

Amma qəza şəraitinə təkan verən əslində Quba yolunun “qarmoşkalı” və təhlükə barədə xəbərdaredici nişanların quraşdırılmamasıdır.

Bu vəziyyət isə yasa tələsən və qarşıdakı maneədən xəbərsiz olan sürücünün qarşıda hansı təhlükə ilə qarşılaşacağını hesablamır. 
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda ailə faciəsi - BİR GÜNDƏ 8 NƏFƏR ÖLDÜ


Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərov sözügedən yolda sürət həddi az olsa belə qəzanın hər an baş verməsi mümkünlüyünü qeyd edib:

“Videodan da görünür ki, sürücü yolun dalğavari hissəsinə düşür və idarəetməni itirir. Hiss olunur ki, sürücü qarşıda yolun dalğavari olmasını gözləmir. Görünür, orada hər hansı xəbərdaredici və məlumatverici nişanlar olmayıb. Bakı-Quba yolu çox bərbad vəziyyətdədir. O yolun təmir olunub düzələcəyi deyilir. Amma bərpa olunana qədər neçə-neçə vətəndaşımız faciəvi şəkildə həyatını itirir, ağır xəsarətlər alır və külli miqdarda onlara ziyan dəyir.

Belə qəzalar zamanı iqtisadiyyatımıza da ziyan vurulur. Həmin yolda az sürətlə getsən belə, qəza olma ehtimalı böyükdür. Sürət sadəcə təkanverici rol oynayıb. Aşağı sürətlə gedən avtomobil o dalğaya düşür və maşının müəyyən asqı hissəsi sıradan çıxa bilər. Yaxud avtomobil dalğaya düşəndə arxadan gələn digər nəqliyyat vasitəsi onu vura bilər. Yolda dalğaların, xəndəklərin və ya çuxurların olması istənilən halda qəza yaradan səbəblərdir”.

Ekspert qeyd edib ki, Azərbaycanda yollar standartlara cavab vermir:

“Hətta Bakının belə yolları bu gün infrastruktur olaraq tam qurulmayıb. Sadəcə yol çəkilir, asfaltda baş verən nasazlıq isə aradan qaldırılmır. Çuxurlar peyda olduqca onlar vaxtı-vaxtında örtülmür. Yollar işıqlandırılmır, nişanlar qoyulmur, yollar xətlənmir və xəbərdaredici, məlumatverici nişanlar demək olar ki, Azərbaycanda çox azlıq təşkil edir. Nişanların əksəriyyəti əsasən qadağanedici xarakter daşıyır. Bu yaxınlarda Bakının mərkəzində hansısa şirkət yolu qazmışdı.

İşıqlandırma sistemi olmadığından sakin o quyuya düşmüşdü. Bu məsələlər öz axarına buraxılıb, belə olmaz. Hər il nə qədər vətəndaşımız avtomobil qəzasında həyatını itirir. Hesab edirəm ki, ciddi məsələ ilə bağlı təcili tədbirlər görülməlidir”.


Bakı-Quba yolunda mövcud olan dalğavari hissənin nə zaman aradan qaldırılacağı, yolun tam bərpası və sözügedən təhlükə ilə bağlı xəbərdaredici nişanların quraşdırılmaması məsələlərinə aydınlıq gətirilməsi üçün  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb.

Qeyd edək ki, son illər Azərbaycanda sürücü və sərnişinlərin ən çox şikayət etdiyi avtomobil yolu, məhz Bakı-Quba yoludur.

Artıq 10 ilə yaxındır ki, bu yol dağılır. Amma tamamilə bərpa olunmur. Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub və 600 milyon manata yaxın vəsait xərclənib.  

Alçina Amilqızı, Bizim.Media  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin