Dövlət İmtahan Mərkəzinin (DİM) fevralın 20-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirəcəyi qəbul imtahanında 17097 bakalavrın iştirakı nəzərdə tutulub.
Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılacaq.
Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır.
MÖVZU İLƏ BAĞLI:
Magistraturaya sənəd qəbulu başa çatdı
İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti 3 saatdır. İmtahan başa çatdıqda və ya iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil verilir.
İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. Bədən hərarəti 37 dərəcə və ya ondan yuxarı olan iştirakçılar imtahana buraxılmır.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 1‑dən 10-dək aparılıb. İmtahanda iştirak etmək üçün 17097 bakalavr ərizə təqdim edib. Onlardan 15653 nəfəri Azərbaycan bölməsi, 1444 nəfəri rus bölməsi üzrə imtahan verəcək.
Bakalavrlardan 10307-si cari ilin, 6790-ı isə əvvəlki illərin məzunlarıdır, 33 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2003-cü il, ən yaşlı bakalavr isə 1963‑cü ildə anadan olub.
Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 14-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bizim.Media