“Əslində Türkiyə-İsrail münasibətləri uzun illər ərzində partnyorluq xarakteri daşıyırdı. Bilirik ki, Fələstin məsələsi gündəmə gələndə tərəflərin münasibətləri pozuldu. Ankara öz kəskin mövqeyini bildirdi. Lakin diplomatik əlaqələr qırılmadı, münasibətlər var. Onun genişlənməsi və dərinləşməsi indiki mərhələdə aktual məsələ olmalıdır”.
Bu fikirləri İsrail prezidenti İsaq Hersoqun Türkiyəyə gözlənilən rəsmi səfəri ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fikrət Sadıxov bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Tehran anlayır ki, Azərbaycansız mümkün deyil” – Fikrət Sadıxovun ŞƏRHİ
Belə ki, İsrail və Türkiyə arasında münasibətlərin İsaq Hersoqun səfərindən sonra yeni mərhələyə qədəm qoya biləcəyi ehtimallarını dəyərləndirən politoloq tərəflər arasında normallaşmanın əhəmiyyətinə toxunub:
“Yaxın Şərqdə baş verən hadisələr, İranla olan münasibətlər, Fars körfəzindəki olaylar onu göstərir ki, iki ölkə arasında münasibətlər daha sıx olmalıdır. Bunu Suriyada baş verən proseslər də təsdiq edir. Şübhə etmirəm ki, iki ölkə arasındaki münasibətlər bundan sonra da daha sıx olacaq. Bu, həm ölkələr üçün faydalıdır, həm də regionun stabilliyinə müsbət təsir göstərəcək. Onu da qeyd edək ki, İsrail parlamentli respublika olduğu üçün, prezident nominal bir fiqurdur. O əslində gündəlik siyasi mövzularla məşğul olmur. Lakin İsaq Hersoqun səfəri ilk addımdır. Bundan sonra digər addımlar da atılacaq”.
Fikrət Sadıxov İsrail-Türkiyə münasibətlərinin inkişafının Azərbaycan pəncərəsindən görülən mənzərəsini də şərh edib:
“Əlbəttə, Ankara - Tel-Əviv münasibətlərinin normallaşması Azərbaycan üçün çox müsbət bir amil kimi öz bəhrəsini verəcək.
Azərbaycan vaxtilə Türkiyə-İsrail normallaşması üçün öz səylərini götərməyə çalışıb. Görünür, bu səylər müəyyən nəticə verib. Azərbaycan və Türkiyə qardaş ölkələrdir, eyni zamanda İsraillə də rəsmi Bakı arasında münasibətlərin inkişaf səviyyəsi də yüksəkdir və bu cür də davam edəcək. Düşünürəm ki, Türkiyə-İsrail münasibətləri bərpa olunduqdan sonra Azərbaycanın xarici siyasətində əsas pritoritetlərindən biri kimi bu iki ölkə arasında münasibətlərin davamlı şəkildə inkişafına töhfə verilməsi gözlənilir”.
Murad Əhmədov, Bizim.Media