Son günlərdə Rusiya və Ukrayna arasında gərginliyin pik həddə çatması və hər an savaşın başlayacağı ehtimalları bir çox ölkələri hərəkətə keçirib.
Bizim.Media xəbər verir ki, xeyli sayda ölkə öz diplomatlarını Ukraynadan çıxarmaq qərarına gəlib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna hər tərəfdən mühasirəyə alınıb - Rusiyalı diplomatlar ölkəni tərk edirlər
Belə ki, ilk olaraq ABŞ, Böyük Britaniya, Avstraliya, Almaniya və Kanada bu addımı atıb. Son həftə ərzində isə, sadalanan ölkələrin siyahısına Yaponiya, Avstriya, Latviya, Norveç, Cənubi Koreya, İsrail, Hollandiya və Monteneqro da öz diplomatlarına və vətəndaşlarına Ukraynanı tərk etməsi üçün xəbərdarlıq ediblər.
Lakin bu gün səhər yayılan xəbərlər vəziyyətin nə qədər kritik olduğunu bir daha təsdiqləyib. Artıq Rusiyanın diplomatlarını Kiyevdən çıxarması ilə bağlı iddialar səsləndirilir. Diqqət çəkən məqamsa ondan ibarətdir ki, Kreml rəsmiləri də bu iddiaları inkar etməyib.
Bəs, Azərbaycan diplomatları Ukraynadan evakuasiya olunacaqmı?
Sualımıza cavab tapmaq üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyində 20-ə yaxın diplomat fəaliyyət göstərir. Bundan əlavə, Ukraynada bir sıra dövlət qurumlarının nümayəndəlikləri də fəaliyyət göstərir.
Münaqişənin alovlanacağı təqdirdə, diplomatlarımızın, dövlət nümayəndələrimizin və onların ailələrinin Ukraynadan çıxarılmasına ehtiyac yaranacaq.
Bizim.Media