“SOCAR-dakı dəyişikliklərin bir məqsədi var: dövlətin nəzarətində olan neft-qaz sektorunda gəlirliliyi artırmaq, dövlətin qarşıya qoyduğu strategiyaya keçidi təmin etmək və neft yataqlarının tükəndiyi şəraitdə əlavə dəyərin yaradılması məsələsini növbəti illərdə təmin etmək”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.
MÖVZU İLƏ BAĞLI:
SOCAR-ı idarə edənlərin sayı ARTIRILDI: Onlar kimlərdir? - ADLAR+FOTO
Ekspertin fikrincə, qeyd olunan məqsədlər qısa zaman kəsiyində həyata keçə biləcək məsələlər deyil.
“Ona görə də, SOCAR-da aparan dəyişikliklərə nəzər yetirsək, islahatlar 1 noyabr 2020-ci il tarixindən, Azərbaycan İnvestisiya Holdinqinə verilən andan başlayır. Bu islahatları hökumət radikal addımlar atmaqla deyil, hamar, hər hansı təlatüm yaratmadan həyata keçirir”, - deyə İlham Şaban qeyd edib.
Ekspert SOCAR-da aparılan islahatların nəticələrinin hiss olunduğunu da diqqətə çatdırıb:
“Biz də, bu islahatları zaman keçdikcə hiss edirik. İstər vitse-prezidentlərin vəzifədən götürülməsi və yola salınma mərasimlərinin təşkili, istərsə də onun rəhbərinin dünən vəzifədən azad edilməsi və nazir müavini təyin olunması bu islahatların tərkib hissəsidir”.
Qeyd edək ki, “Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanında edilən dəyişikliyə əsasən, Dövlət Neft Şirkətində (SOCAR) I vitse-prezidentlərin sayı 1-dən 2-yə çatdırılıb.
Beləliklə, şirkətin rəhbərliyində təmsil olunan şəxslərin sayı 14-dən 15-ə yüksəlib. Bunlar prezident, 2 I vitse-prezident və 12 vitse-prezidentdir.
Bundan əlavə, fevralın 10-da verilən digər sərəncamlarla, Rövnəq Abdullayev SOCAR-ın prezidenti vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub. SOCAR-ın prezidenti vəzifəsini isə, I vitse-prezident təyin olunan Rövşən Nəcəf icra edəcək.
Murad Əhmədov, Bizim.Media