XİN-dən YUNESKO-ya cavab: ''Bu əməkdaşlığımızın ruhuna ziddir''

Hazırda oxunan: XİN-dən YUNESKO-ya cavab: ''Bu əməkdaşlığımızın ruhuna ziddir''

5961

Azərbaycan Xarici İşlər Nazirliyi YUNESKO-nun Azərbaycana missiyasının göndərilməsi ilə bağlı YUNESKO-nun açıqlamasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, məlumatda deyilir:

"Azərbaycan tərəfi YUNESKO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib".

Ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib.

Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biridir.

Ölkəmizin Ümumdünya İrs Komitəsinin ötən il keçirilən sonuncu sessiyasına uğurla ev sahibliyi etməsi mədəni irsin qorunmasına Azərbaycanın verdiyi əhəmiyyətin, eyni zamanda üzv dövlətlərin Azərbaycana inam və etibarının yüksək ifadəsidir. Azərbaycan Respublikasının təşəbbüsü və dəstəyi ilə YUNESKO tərəfindən ilk dəfə olaraq “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması ilə bağlı Hərbi Bələdçi” adlı nəşrin ərsəyə gəlməsi ölkəmizin YUNESKO-nun dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə YUNESKO-ya çağırışlarımıza laqeyd yanaşılıb və bu məsələ ilə bağlı YUNESKO Katibliyi qətiyyətlilik nümayiş etdirməmişdir.

YUNESKO tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına missiyanın göndərilməsi təklifinin Azərbaycan tərəfindən nəzərdən keçirilməsi barədə təşkilata dəfələrlə məlumat verilib.

Məsələ ilə bağlı vurğulanmalıdır ki, mədəni mülkiyyətimizə vurulmuş zərərin dəyərləndirilməsinə dair bölgəyə YUNESKO missiyasının təşkili zamanı bir sıra amillər, o cümlədən ərazidə təhlükəsizliyin təmin olunması, hava və çətin relyef şəraiti də nəzərə alınmalıdır.

Məlum olduğu kimi, Azərbaycan əraziləri Ermənistan tərəfindən həm işğal müddətində minalanıb (hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli bəyanatdan etibarən 6 mülki şəxs və 6 hərbçi minaya düşərək həyatını itirib, 7 mülki şəxs və 14 hərbçi isə xəsarət alıb), həm də Ermənistan ordusu işğal edilmiş ərazilərimizdən geri çəkilərkən tarix və mədəniyyət abidələrinin ətrafını da minalayaraq ərazini təhlükəli bölgəyə çevirib.

İşğaldan azad edilən Azərbaycan torpaqlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsin ilkin monitorinqinə başlanılıb və ilkin monitorinqin nəticələri YUNESKO-ya rəsmi şəkildə təqdim olunub.

Monitorinqin hesabatında, həmçinin vaxtilə Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizdə bütün dini və mədəni abidələrimizin dağıdılması, o cümlədən məscidlərimizin təhqir edilməsini əks etdirən fotolar da yer alıb.

Ümid edirik ki, sözügedən monitorinqin hesabatında əks olunan hərbi cinayətlərə YUNESKO səssiz qalmayacaq.

Hesab edirik ki, YUNESKO öz missiyasını müstəqil və obyektiv şəkildə yerinə yetirməli və mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir. YUNESKO tərəfindən bu cür mətbuat açıqlamalarının verilməsi Azərbaycan ilə YUNESKO arasında mövcud olan əməkdaşlığın ruhuna uyğun gəlmir.

Azərbaycan missiyanın təşkilinin təfərrüatlarını YUNESKO ilə müzakirə etmək üçün konstruktiv dialoqa açıqdır və YUNESKO ilə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin