Son günlərdə “Tərtər işi” ilə bağlı baş verən yeniliklər ölkə ictimaiyyətinin diqqət mərkəzində olan əsas mövzulardan biridir. Belə ki, fevralın 9-da haqqında bəzən real, bəzən reallıqdan xeyli uzaq söz-söhbətlərin getdiyi “Tərtər işi” məsələsi ilə bağlı Baş Prokurorluqdan mühüm açıqlamalar gəlib.
Son rəsmi açıqlamalara görə, artıq 16 nəfər haqqında cinayət ittihamı ilə bağlı məhkəmə qərarı, eyni zamanda ölənlərdən birinin işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərarı ləğv edilib. Bundan əlavə olaylar nəticəsində zərərçəkmiş hesab olunan şəxslərin sayı da 281-ə çatıb.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov açıqlamaların heç bir halda istintaqınn işinə mane olmamasının vacibliyini qeyd edib:
“Biz bu məsuliyyəti dərk edirik. “Tərtər işi” ictimaiyyət arasında geniş və sosial şəbəkələrdə ən həssas mövzulardan biri kimi müzakirə olunmaqdadır.
MÖVZU İLƏ BAĞLI:
Elman Nəsirov: “Sosial şəbəkələrdə söyüş söyənlər cəzalandırılsın” - VİDEO
“Tərtər işi” haqqında həqiqətə uyğun gələn və gəlməyən cürbəcür informasiyalar yayılmaqdadır. Həqiqətsə ondan ibarətdir ki, dövlətin müvafiq qurumları məsələyə kifayət qədər həssas yanaşırlar. Hal-hazırda “Tərtər işi”ndə buraxılmış səhvlərin aradan qaldırılması və günahkarların cəzalandırılması istiqamətində də müvafiq addımlar atılmaqdadır. Dövlətimizin məqsədi ondan ibarətdir ki, “Tərtər işi”ndəki qaranlıq məqamlar üzə çıxsın və günahkarlar cəzasını alsın”.
Elman Nəsirov fikirlərinin davamında Azərbaycanın hüquqi dövlət olduğunu və cinayət törətmiş şəxslərin cəzasız qalmasının mümkünsüz olduğunu bildirib. Millət vəkili aparılan tədqiqatların konkret nəticələrinə yaxın zamanlarda şahidlik edə biləcəyimizi də vurğulayıb.
Elman Nəsirov “Tərtər işi”ni siyasiləşdirməyə cəhd edən müxalifətin bəzi kəsimləri ilə bağlı da fikirlərini bölüşüb:
“Əslində “Tərtər işi” hüququn predmetidir və istintaq araşdırmaları gedir. İstintaqın işinə müdaxilə etmək işin obyektiv aparılmasına maneə törədə bilər. Təəssüf ki, bu gün Azərbaycanda bəzi müxalif dairələr “Tərtər işi”ndən siyasi manipulyasiya etmək üçün istifadə edirlər.
Çalışırlar ki, “Tərtər işi” kontekstində hakimiyyətə qarşı cəmiyyətdə inamsızlıq formalaşdırsınlar. Onu sübut etməyə çalışırlar ki, guya Azərbaycanda cinayət baş verir və ayrı-ayrı şəxslər məsuliyyətdən yayına bilir və s. Bütün bunlar hamısı yalnış mövqedir.
Bunlar hamısı hakimiyyətə siyasi təzyiq göstərmək üçün alətdir. Ancaq bütün bunlar keçməyəcək. Çünki Azərbaycan dövlətinin və onun rəhbərinin həyata keçirdiyi siyasəti xalq birmənalı şəkildə dəstəkləyir. Xalq çox gözəl də bilir ki, cənab Prezident ədalətin pozulmasına imkan verməz”.
Elman Nəsirov Prezidentin hər kəsin qanun qarşısında bərabərliyi ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq əlavə edib ki, müxalifətin müəyyən siyasi dairələrinin irəli sürdüyü iddialar əsassızdır, siyasi xal toplamaq niyyəti güdür və onlar bu faktdan düşmən kimi istifadə edirlər.
Murad Əhmədov, Bizim.Media