UNESCO-nu Cənubi Qafqazda hansı “sürpriz” gözləyir? - İlkin SİYAHI

Hazırda oxunan: UNESCO-nu Cənubi Qafqazda hansı “sürpriz” gözləyir? - İlkin SİYAHI

59195

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun Azərbaycan və Ermənistana missiya göndərəcəyi artıq dəqiqləşib.
Təşkilat nümayəndələrinin gəlişi ilə bağlı...

Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında videoformatda görüş keçirilib.

Görüşdə mədəni-tarixi abidələrə vurulan zərərin qiymətləndirilməsi baxımından UNESCO-nun Cənubi Qafqaza nümayəndələrini göndərməsi ilə bağlı razılıq əldə olunmasını mühüm addım kimi qeyd edə bilərik.

Onu da bildirək ki, istər 30 ilə yaxın davam edən işğal, istərsə də post-müharibə dönəmində Azərbaycan təşkilata missiyanın göndərilməsi ilə bağlı dəfələrlə müraciət etmişdi. Lakin bir sıra səbəblərdən (xüsusilə də, erməni lobbisinin təzyiqi və təsir imkanları) bu müraciətə cavab süni şəkildə ləngidilirdi.

Lakin indiki situasiyada artıq liderlər səviyyəsində görüşdə qəti mövqeyin ortaya qoyulması UNESCO-ya missiya göndərməkdən başqa seçim imkanı buraxmayıb. 

Təbii ki, UNESCO tərəfindən missiya göndərilməsində Azərbaycan üçün narahatlıq doğuran məsələ yoxdur. Ermənistan tərəfində isə vəziyyət ciddi şəkildə fərqlidir. Çünki ermənilərin istər işğal etdikləri ərazilərimizdə, istərsə də Ermənistan ərazisindəki abidələrimizə qarşı törəktikləri vandalizm faktları açıq şəkildə ortadadır.

Sadalanan nüansları nəzərə alaraq qeyd edə bilərik ki, UNESCO missiyasının gəlişinin erməni vandalizminin bütün dünyada ifşa olunması baxımından mühüm addım olacağını proqnozlaşdıra bilərik.

Təşkilatın nümayəndələrinin regiona gəlişindən yola çıxaraq, həm Qarabağ və Şərqi Zəngəzurda, həm də Ermənistanda viran qoyulmuş mədəni abidələrimizin bir hissəsini sizlərə təqdim edirik. Bəlkə bu vəsilə ilə təşkilatın göndərəcəyi missiya da həmin abidələrin vəziyyəti ilə ilkin tanışlıq imkanı qazanar.

Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizminin izləri

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Erməni vandalizminin izlərini daşıyan abidələrimizdən bəziləri:

1. Qutlu Musa türbəsi (1314-ci il)

Hülakülərin hakimiyyəti dövründə Şahbənzər adlı yerli memar tərəfindən inşa edilmiş Qutlu Musa türbəsi aktiv döyüş mərkəzlərindən uzaq olsa da erməni əhali tərəfindən ciddi dağıntıya məruz qalıb. Ümumilikdə türbənin dam örtüyü və divarları saxlansa da, dekorativ elementlərinə, xüsusilə unikal fasad rəsmlərinə zərər vurulmuşdur. Belə ki, türbənin fasad rəsmləri üzərinə sprey boya ilə xaç rəsmləri çəkilmiş və müxtəlif  adlar yazılmış, interyeri bəzəyən dekorativ daşyonma sənəti nümunələri isə dağıdılmışdır.

2. Gəncəsər monastırı (1216-1261-ci illər)

1216-1261-ci illərdə inşa edilmiş Kəlbəcərin Vəng kəndində yerləşən Gəncəsər monastırı 1990-cı illərdə erməni silahlı birləşmələri tərəfindən məşvərət yeri və silah anbarı kimi istifadə edilib. 2000-2002-ci illərdə isə monastırın dam örtüyü və interyerində ciddi təmir işləri aparılıb və onun tarixi-mədəni xüsusiyyətləri gizlənməyə çalışılıb. 

3. Üzərliktəpə (Orta Tunc dövrü)

Ağdamın Xındırıstan kəndində yerləşən Orta Tunc dövrünə aid Üzərliktəpə yaşayış kompleksi Qafqazda ilk şəhər tipli yaşayış məskəni hesab edilir. 1993-cü ildən ermənilərin nəzarəti altında olan abidə ərazisində yerləşən kurqanlar hərbi məqsədlər üçün istifadə olunaraq məhv edilib və yandırılıb.

4. Sisərnəvəng monastırı (6-8-ci əsrlər)

Ermənilər 2020-ci ildə Laçın rayonun Hüsülü kəndini tərk edərkən bu tarixi abidəyə də ciddi ziyan vurublar. Belə ki, monastıtın bədii tərtibatları və ərazidə yerləşən oyma naxışlı qəbir daşları sökülərək Ermənistana aparılıb. 

5. Məmər məscidi (17-18-ci əsrlər)

Qubadlı rayonunun Məmər kəndində yerləşən məscid SSRİ dönəmində anbar kimi istifadə olunsa da, müstəqilliyin ilk illərində bərpa olunub. Lakin kənd işğal olunduqdan sonra məscidə ciddi ziyan vurulub və donuz tövləsi kimi istifadə olunub.

6. Hacı Ələkbər məscidi (1889-1890-cı illər)

19-cu əsridn sonlarında memar Kərbəlayi Səfixan tərəfindən inşa olunan məscid Füzuli şəhərində yerləşir. Hacı Ələkbər məscidinin adı məhz onu inşa edən məşhur xeyriyyəçinin adından götürülüb. Abidə 1993-cü ildə Ermənistan ordusu tərəfindən yararsız vəziyyətə salınıb.

7. Xurşidbanu Natəvanın Şuşadakı evi (18-ci əsr)


18-ci əsrə aid olan bu abidə öz memarlıq xüsusiyyətlərinə görə Şuşadakı digər tikililərlə bənzərlik təşkil edir. 1932-1987-ci illərdə Natəvanın evi Şuşa Musiqi Məktəbinin binası kimi fəaliyyət göstərir. Erməni işğalından sonra isə binaya ciddi ziyan vurulub.

8. Pənahəli xanın imarət kompeksi (18-ci ərsin ortaları)

Qarabağ xanı Pənahəli xanın imarəti Xorasandan sürgündən qayıtdıqdan sonra inşa etdirməyə başlayıb. Saray Ermənistanın işğalı dövründə vandalizmə məruz qalıb və tövlə kimi istifadə olunub. Vətən Müharibəsi dönəmində isə Ermənistan hərbi birləşmələri tərəfindən imarət hərbi sığınacaq məqsədilə istifadə olunub.

9. Həmzə Sultan sarayı (18-ci əsr)

Laçın rayonunun Hüsülü kəndində yerləşən abidənin 18-ci əsrdə tikildiyi ehtimal olunur. Laçın rayonunun 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra kəndin adı dəyişdirilib, Həmzə Sultan sarayı isə işğalçılar tərəfindən qonaq evi kimi istifadə olunub. Kompleksin dağıntıları günümüzə qədər gəlib çıxmağı bacarıb.

10. Azığ Mağarası (1-1,5 milyon il əvvəl)


Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biri hesab olunur. Lakin ərazi ermənilər tərəfindən işğal olunduqdan sonra, Azıx mağarasında qanunsuz qazıntılar aparmaqla düşərgənin stratiqrafiyasına ciddi ziyan vurulub. Nəticədə, mağaranın mədəni təbəqələri pozulub.

Ermənistan ərazisində dağıdılan abidələrimiz

Tarixi Azərbaycan ərazilərində yerləşən Ermənistan Respublikasının ərazisində yerləşən mədəni abidələrimizin sayı da kifayət qədərdir. Müxtəlif Çar Rusiyası və SSRİ dönəmlərində Azərbaycandan alınaraq Ermənistana verilən ərazilərdə də onlarla tarixi-mədəi abidələrimiz mövcud olub. Təəssüflər olsun ki, həmin abidələrin əksəriyyəti erməni vandalizminə məruz qalıb.

Həmin mədəni abidələrin bir neçəsi:

1. İrəvan qala kompleksi (17-18-ci əsrlər)


1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın əmri ilə onun vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, indi Yerevan şəhərinin yerində inşa edilmişdir. Qala onu inşa etdirən vəzirin adı ilə Rəvan və ya İrəvan adlandırılmışdır. İrəvan qalasında 800 ev və 8 məscid olduğu tarixi mənbələrdən məlumdur. Qala rus istilası dövründə dağıdılmışdır.

2. Sərdar sarayı (17-ci əsr)

Səfəvi imperiyasının Çuxursəd bəylərbəyi Əmirgünə xan Qacar tərəfindən inşa edilmişdir. Əmir günə xan Qacar 1605-1626-ci illərdə Çuxursəd bəylərbəyi olmuşdur. Saray 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xanın əmri ilə Mirzə Cəfər adlı memar tərəfindən təkmilləşdirilmişdir. 1791-ci ildə isə Hüseynəli xanın oğlu Məhəmməd xan tərəfinən sarayın Şüşəbənd adı ilə tanınan güzgülü salonu və yay imarəti əlavə edilmişdir. Saray 1913-1918-ci illərdə erməni təcavüzünə məruz qalmış və 1918-ci ildə tamamilə məhv edilmişdir.

3. İrəvan bazarı (19-cu əsr)


İrəvan şəhərinin Əski (Şəhri) şəhər məhəlləsində yerləşmişdir. İrəvanda yerləşən bir çox meydan və karvansaralar da bu yerdə cəmlənmişdi. Bazar ermənilər tərəfindən tamamilə dağıdılıb.

4. Abbas Mirzə məscidi (18-ci əsr)

Xan məscidi və ya Abbas Mirzə məscidi kimi adlanmışdır. Qala Abbas Mirzə Qacar tərəfindən inşa etdirildiyi üçün belə adlandırılmışdır. 1828-ci ildə İrəvan xanlığının və İrəvan şəhərinin ruslar tərəfindən işğal edilməsindən sonra məscid ruslar tərəfindən cəbbəxana kimi istifadə edilmişdir. Sovet dövründə isə məscid məhv edilmiş və dövrümüzə divarlarının bir hissəsi gəlib çıxmışdı. 2008-ci ildə isə məscidin qalan xarabalığı da məhv edilmişdir.

5. Təpəbaş məscidi (1687-ci il)

İrəvanın Təpəbaşı məhəlləsində yerləşən məscidinin minarəsi 1960-cı illərdə uçmuşdur. Divarlarının qalınlığı 1,5 metr olan məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır. Məscidin həyətində və ətrafında ermənilər gecəqondular inşa etmişlər. Bəzi məlumatlara görə, həmin məscidi İrəvan şəhər idarəsinin (upravasının) üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanski tikdirmişdir.

6. Əfşar Karvansarası (16-18-ci əsrlər)

Əfşar (Ovşar) karvansarası XVI-XVIII əsrlərə aid edilir. Birinci mərtəbədə mətbəx və yardımçı otaqlar, atelye, anbarlar yerləşirdi. Həyətlər bir qayda olaraq, düzbucaqlı olurdu. İkinci mərtəbəyə giriş həyətin künclərindəki son pilləkənlərdən idi. Hazırda yerində (M.Maştots prospektindəki) qapalı bazar inşa edilmişdir.

7. Zərabxan karvansarası (1760-cı il)


Zərab-xan karvansarayı Göy Məscidin binasına bitişi olmuşdu. Bina 1760-cı ildə İrəvan Hüseynəli xanın dövründə inşa edilmiş, axınlıqda böyük bazar yerləşmişdi.  Bina 1880-ci illərdə baş verən yanğında zədələnmiş, 1883-1885-ci illərdə yenidən qurulmuşdur.

8. Urud qəbiristanlığı (15-16-cı əsrlər)

Urud qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edirdi. Bu abidə 1988-ci ildə ermənilər tərəfindən dağıdılmışdır. Azərbaycanı tədqiqatçı Məşədixanım Nemət sovet dövründə qeydə aldığı abidələr aşağıdakılardır. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Qəbirüstü yazıladan birində avlade-avğvanyə sözləri oxunmuşdur.

9. Aşıq Ələsgərin büstü (1971-ci il)

Abidə 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kənd qəbiristanlığında qoyulub. Ermənilər 1988-ci ildə kəndi işğal etdikdən sonra həm kəndin qəbiristanlığını, həm də Azərbaycan aşıq sənətinin dahisi Aşıq Ələsgərin qəbrini və qəbirüstü abidəsini yerlə-yeksan etmişlər.

10. Güllübulaq qəbiristanlığı (19-cu əsr)

Güllübulaq kəndi Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun ən böyük kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci il deportasiyasından sonra Güllübulaq kəndində Gürcüstanın Boqdanovka rayonundan gələn ermənilər məskunlaşmışlar. Azərbaycanlılara məxsus qəbiristanlıq hal-hazırda dağıdılmış vəziyyətdədir.
 

Qeyd edək ki, adı çəkilən abidələr Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarixi-memarlıq abidələrinin kiçik bir qismidir.


Azərbaycan tərəfindən bərpa olunan dünya mədəni irs nümunələri

Bundan əlavə onu da bildirməliyik ki, Vətən Müharibəsindən sonra Ermənistan UNESCO-ya “Qarabağdakı erməni abidələri”nin azərbaycanlılar tərəfindən dağıdılması ilə bağlı iddialar irəli sürülüb. Bu iddianın absurd olduğunu bir çox tarixi faktlarla isbat etmək mümkün olsa da, Azərbaycanın bütün dünyada mədəni abidələrin bərpasına ayırdığı xüsusi diqqətin göz önündə olduğunu xatırlatmaq bunun üçün yetərlidir.

Heydər Əliyev Fondu tərəfindən bərpa olunan dünya mədəni irs-abidələrindən bəziləri:

1. Versal sarayı (2007-ci il)

2. Luvr muzeyi (2008-ci il)

3. Berlin qəsri (2011-ci il)

4. Romanın Kapitoli kompleksində yerləşən “Filosoflar evi”nin bərpası (2013-ci il)

5. Roma katakomba qəbrlərinin bərpası (2014-cü il)

Ümid edək ki, UNESCO yazıda qeyd olunan və olunmayan yüzlərlə abidələrimizə qarşı törədilən vandalizm əməllərinə obyektiv qiymət verəcək...

Murad Əhmədov, Bizim.Media 


















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin