Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov koronavirusa yoluxub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə nazir hazırda ev şəraitində müalicə alır.
MÖVZU İLƏ BAĞLI:
Kəmaləddin Heydərov yenidən federasiya prezidenti seçildi
Mənbənin bildirdiyinə görə nazirin vəziyyətində ciddi ağırlaşma olmasa da, səhhətindəki narahatlıqla və özünü təcridlə bağlı sabah Azərbaycan Boks Federasiyasında (ABF) keçiriləcək hesabat-seçki konfransına qatıla bilməyəcək.
Daha doğrusu konfransda onlayn formada iştirak edəcəyi gözlənilir.
Məsələni dəqiqləşdirmək üçün Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Vüqar Novruzov Bizim.Media-ya açıqlamasında məlumatı nə təsdiq, nə də təkzib edib. İşdə olmadığını vurğulayan FHN rəsmisi məsələ ilə bağlı dəqiqləşdirmə aparandan sonra məlumat verəcəyini açıqlayıb.
Qeyd edək ki, fevralın 9-da Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçiriləcək.
Tədbirdə hazırkı federasiya prezidenti Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsin adına aydınlıq gələcək.
Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olacaq. Onu əvəzləməyə namizəd olan şəxsin adı açıqlanmır.
Xatırladaq ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.
Biz isə öz növbəmizdə hörmətli nazirimizə sağlamlığına qovuşub, işinin başına dönməsini arzulayırıq. Keçmiş olsun!
Alçina Amilqızı, Bizim.Media