Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.
MÖVZU İLƏ BAĞLI:
Səhiyyə nazirinin 4 müavini işdən çıxarıldı – 3 YENİ TƏYİNAT
Bizim.Media həmin şəxslərin dosyelərini sizə təqdim edir.
Qasımov İlqar Əbülfəz oğlu 12.04.1965-ci il tarixdə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirib, həmin ildə Azərbaycan Tibb İnstitutunun müalicə-işi fakultəsinə daxil olub, 1988-ci ildə oranı bitirib. 1989-cu il tarixdən 1990-cı il tarixə kimi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “Travmatologiya və ortopediya” ixtisası üzrə internatura keçib İnternaturanı bitirdikdən sonra 1999-cu il tarixdən həmin institutda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.
2000-ci il tarixdən 2004-cü il tarixə kimi Moskva şəhərinin Priorov adına Moskva ETTOİ-da İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində, 2004-2006-cı il tarixə kimi Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya kafedrasının elmi işçisi, 2006-cı il tarixdən 2017-ci il tarixədək Bakı şəhərinin bir neçə özəl klinikalarında fəaliyyət göstərib.
7.08.2017-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
***
İsmayılov Rasim Miskin oğlu 21 may 1973-cü ildə Bakı şəhərində anadan olub.
1980-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı məktəbin 1-ci sinifinə gedib və 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirərək Səbail rayonu 2 saylı H.Mahmudbəyov adına texniki – humanitar liseyin 9-cu sinifinə qəbul olunub.
1990-cı ildə həmin liseyi bitirərək N.A. Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olub. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun kommersiya fakultəsini fərqlənmə diplomu ilə bitirib.
2017-ci ilin avqust ayından 2018-ci ilin oktyabr ayınadək Polşa Respublikasında fəaliyyət göstərən, xarici ticarətlə məşğul olan Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyib.
2018-ci ilin oktyabr ayından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində işləyib.
***
Zeynalov Nadir Azər oğlu 24.10.1976-cı il tarixdə Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Bakı şəhəri 20 nömrəli məktəbdə alıb. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonrakı əmək fəaliyyəti ATU-nun I cərrahi xəstəliklər kafedrası ilə bağlı olub: 1999-2001-ci illərdə klinik ordinator, 2001-2004-cü illərdə aspirant, 2005-2013-cü illərdə assistent, 2013-cü ildən hazıradək həmin kafedranın dosenti vəzifəsində çalışır.
2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 2019-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə səhiyyə nazirinin müavinləri - Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarılıblar.
Bizim.Media