Azərbaycan qazı qiymətləri nəzarətdə saxlamaqda Aİ-yə kömək edir - Avropa komissarı 

Hazırda oxunan: Azərbaycan qazı qiymətləri nəzarətdə saxlamaqda Aİ-yə kömək edir - Avropa komissarı 

58565

“Enerji qiymətlərinin artması və bazarda məhdud qaz həcmlərinin mövcud olduğu indiki şəraitdə Cənub Qaz Dəhlizinin Avropaya tədarükün təhlükəsizliyini artırmaq mənasında aktuallığı daha da artıb”. 

Bizim.Media xəbər verir ki, bunu Trend-ə müsahibəsində Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson deyib. 

"Azərbaycan Aİ-yə yeni mənbədən və yeni marşrutla qaz tədarükünü təklif edir. Hesab edirəm ki, TAP [Cənub Qaz Dəhlizinin Avropa hissəsi] onun vasitəsilə qaz tədarük edilən ölkələrə və bölgələrə müsbət təsir göstərir və Cənub-Şərqi Avropada etibarlı, rəqabətədavamlı və əlçatan tadarükün təmin edilməsinə böyük töhfə verir. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir", - deyə Simson bildirib. 

O, xatırladıb ki, TAP vasitəsilə qaz tədarükü 2020-ci ilin dekabrında başlayıb və bu ilin yayına qədər tam həcmdə, yəni 10 milyard kubmetrə çatdırılacaq. 

"Bunun bir hissəsi Cənubi Avropa bazarında istifadə olunur ki, bu da regionun bir təchizatçıdan asılılığını azaldır. Qalan hissə İtaliyaya çatdırılır və İtaliya qaz bazarına tədarük marşrutlarını daha da şaxələndirməyə, təchizat təhlükəsizliyini yaxşılaşdırmağa və qaz bazarını daha likvid və rəqabətədavamlı etməyə imkan verir", - Simson vurğulayıb. 

Avropa komissarı qeyd edib ki, istənilən yeni və ya əlavə təklif qiymət təzyiqlərini azaltmağa kömək edir. 

"Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyanın qaz bazarına tədarük ilkin olaraq bu bazarda qazın topdansatış qiymətinin aşağı düşməsinə əhəmiyyətli təsir göstərib. Bu, şaxələndirilmiş qaz marşrutlarına malik açıq, rəqabətli qaz bazarlarının Aİ-nin qaz qiymətlərini nəzarətdə saxlamaq üçün ən yaxşı variant olduğuna dair ən gözəl sübutdur. Cənub Qaz Dəhlizi Aİ-nin bu məqsədə çatmasına kömək edir. Ona görə də biz Azərbaycanla strateji enerji əməkdaşlığına ümid edirik", - deyə o, izah edib. 

Avropada qaz böhranının nəticələrinin yumşaldılması üzrə tədbirlərdən danışan Simson qeyd edib ki, artıq ötən ilin oktyabrında Avropa Komissiyası üzv dövlətlərə yüksək qiymətlərin, xüsusilə əhalinin həssas təbəqələrinə təsirini yumşaltmaq üçün bir sıra alətlər təqdim edib. 

“Son istehlakçıların dəstəklənməsinə yönəlmiş tədbirlər, yəni sosial transfertlər və ya vergi güzəştləri ilə yanaşı, idxaldan asılılığı azaltmaqla dayanıqlığı artırmaq üçün orta və uzunmüddətli tədbirlər də mövcuddur. Buna enerji səmərəliliyinin, bərpa olunan enerjiyə investisiyaların artırılması və qaz bazarının fəaliyyətinin yaxşılaşdırılması yolu ilə nail olmaq olar.
 

20-dən çox üzv-ölkə bu addımları atıb və ilkin təhlilimiz göstərir ki, onların həyata keçirilməsinin dəyəri təxminən 21 milyard avro təşkil edir.


Komissiyanın özü dekabr ayında Aİ qanunvericiliyinə qaz anbarlarından istifadənin səmərəliliyini artıracaq, qaz ehtiyatlarının könüllü birgə alınması üçün imkan yaradacaq və təchizat böhranı zamanı üzv dövlətlər arasında həmrəyliyi gücləndirəcək dəyişikliklər təklif edib. Bundan əlavə, biz Aİ-yə tədarükün artırılması imkanlarını araşdırmaq üçün Azərbaycan da daxil olmaqla əsas təchizatçılarımıza müraciət edirik. Bu, həm qiymət kontekstində təzyiqi azaldacaq, həm də tədarükün təhlükəsizliyini gücləndirəcək", - deyə Avropa komissarı bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin