Keçmiş nazirlər Əbülfəs Qarayev və Eldar Mahmudovun ətrafı daralmaqdadır. Daha doğrusu, onlarla bağlı proseslərin forması dəyişib. İstefaya göndərilən kimi hər ikisinin həbsi gündəm olsa da, bu məsələyə hələ də aydınlıq gətirilməyib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Eldar Mahmudovla Əbülfəs Qarayev həbs olunmasa da, onların yaxın ətrafı və ailə üzvlərinin məhkəmələrə çağırılması, cərimələnməkləri aktuallaşıb.
MÖVZU İLƏ BAĞLI:
Eldar Mahmudovun 3 milyon tələbi - Generalın məhkəməsindən YENİ XƏBƏR
Qarayevlərin biznesi çökür
Apardığımız araşdırmalar zamanı bəzi maraqlı faktlar ortaya çıxıb. Belə ki, Əbülfəs Qarayevin xanımı Lalə Kazımovanın biznesini təşkil edən bəzi obyektlər müflisləşməyə yaxındır. Əsas səbəb isə vergi borclarıdır.
Məlumat üçün deyək ki, Lalə Kazımova 2010-cu ildə Türkiyədə “KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ”ni təsis edib. Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. “TRIAT EXIRE” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vilnüsdə Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak da qazanc mənbəyidir. Belə ki, həmin əmlakın icarəsi Qarayevlərə 35 min dollardan (60 min AZN) çox gəlir gətirir.
Qarayevlər ailəsinin “GALS” adlanan bir neçə şirkəti isə Azərbaycandadır. Yayılan informasiyaya görə, bu şirkətlərin zəifləməsi Əbülfəs Qarayevin mədəniyyət naziri postunu tərk etməsindən sonra başlayıb.
Eldar Mahmudovun “MTN kruqu” dağılır
Rəsmi informasiyalara istinadla deyə bilərik ki, Baş Prokurorluq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsindəki hökmdən 2 il sonra apelyasiya protesti verib. Belə ki, Baş Prokurorluq birinci instansiya məhkəməsinin Vüqar Mahmudovun əmlakları ilə bağlı çıxardığı hökmdən narazı qalıb.
Bu gün, fevralın 3-də Bakı Apelyasiya Məhkəməsində apelyasiya protesti üzrə məhkəmə iclası təyin edilib.
Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Vüqar Mahmudov istintaq dövründə cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdə həmçinin qeyd edilib ki, Vüqar Mahmudova məxsus əmlaklar müsadirə olunub. Məhkəmə hökmündən narazı qalan sabiq MTN əməkdaşı apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra o, kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Vüqar Mahmudovun əmlaklara münasibətdə şikayətini qismən təmin edib.
Hazırda Bakı Hərbi Məhkəməsində nazir olarkən Eldar Mahmudovun ən yaxın ətrafına daxil olan, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin cinayət işi üzrə proses keçirilir.
Prosesdə hakim qarşısına Mövlam Şıxəliyevlə yanaşı daha 3 sabiq MTN-çi çıxarılıb.
Ekspertlərin fikrincə, bütün bu həbs və müsadirələr, yaxında Eldar Mahmudovun özünün də hakim qarşısına çıxarılması ilə nəticələnəcək ki, sonunda eks MTN rəhbərinin taleyi bəlli olacaq.
Bizim.Media