2021-ci ildə nələr olacaq? – ASTROLOJİ PROQNOZ

Hazırda oxunan: 2021-ci ildə nələr olacaq? – ASTROLOJİ PROQNOZ

5843

Öküz ilinin siyasi çəkisi və proqnozları

Qarşıdan Metal ünsürlü Ağ Öküz ili gəlir. Astronomik hesabla il 12 fevralda (2021) başlayıb 25 yanvarda (2022) bitəcək. Dağıdıcı, çılğın və qərarsız il kimi səciyyələndirilən Siçovul ilindən nəhayət ki, rahat, aydın, sabaha əminlik yaradan bir zaman kəsiminə qədəm qoyacağıq. Öküz illəri adətən stabil dövrlər sayılır, kataklizmlərin minimuma endiyini müşahidə edirik. Belə illərdə dildən iti, obyektiv, işini doğru görən, zəhmətkeş və özündə daima nikbinlik aşılayan insanlar uğur qazanır.

Öküz zamanında nəyin bahasına olursa-olsun, liderliyə can atanlar çox olur, hətta bu yolda rəqib tərəfə sui-qəsdlərin təşkilinə də yol verilir. Ümumiyyətlə, Öküz ilində siyasi-ictimai çəkisi olanların qətlə yetirilməsi az olmur: Aleksandr Qriboyedov (1829), Nəriman Nərimanov (1925), Con Kennedi (1937), BMT baş katibi Daq Xammarşöld (1961), şahzadə Diana, Ziya Bünyadov (1997) və s.



İlin planeti Venera olduğundan bu göy cisminin himayəsində olan bürclər (Buğa və Tərəzi) aparıcı mövqeyə malik olacaqlar.

Öküz ilinin ən aktiv adamları isə Öküz, İlan və Xoruz illərində dünyaya gələnlərdir. İlin astronomik energetikası Avstriya, Qafqaz, Çin, Yaponiya, Tailand, Rusiyanın Sibir hissəsi, İrlandiya, Polşa, İraq, İran, Əfqanıstan, Avstraliya, İsveçrə kimi dövlətləri aktiv edəcək. Bu ərazilər il ərzində dünyanın diqqət mərkəzində, gündəmində olacaqlar.

2021-ci ilin numeroloji rəqəmi 5-dir (2+0+2+1=5). Bu rəqəm qeyri-müəyyənliyi və riski bildirir. Bu ədədə yuvarlaqlaşan illərdə nəticəyə nail olmaq üçün səyahət etmək və təcrübə qazanmaq çox vacibdir. 5 həm də sərbəstlik, buxovu açma, tənəzzül, hərəkət rəqəmidir. "5"in mahiyyətini cüt və tək rəqəmlərdən (4+1 və 3+2) tərtib edirlər. Bu da "5"i hərəkətli, inkişafa və dəyişməyə yönəldən edir. Bu, dərk etməyə malik rəqəmdir. Nahaq yerə insan ətraf aləmi beş duyğu orqanı ilə (görmə, eşitmə, iybilmə, dadbilmə, toxunma) öyrənmir.

İl ərzində 4 astronomik olay baş verəcək: iki dəfə Ay (26 may, 19 noyabr), iki dəfə Günəş (10 iyun, 4 dekabr) tutulması olacaq. İlin sonuna düşən tutulma tam tutulma olacaq.
Öküz illərində dünyamıza əhəmiyyəti böyük olan hadisələr də çox olub: ilk dəfə teleqraf xətti işə düşüb, Tomas Edison səsyazan cihaz (fonoqraf) icad edib, Parisdə Eyfel qülləsi tikilib, yapon kimyaçı Takamake və amerikalı fizik Abel adrenalin hormonunu kəşf edib, Torontoda ilk dəfə işıqfor quraşdırılıb, ilk insan - rus kosmonavtı Yuri Qaqarin kosmosa uçub.

“Öküz” Azərbaycana da az töhfələr verməyib: Bakıda müsəlman qızlar məktəbi açılıb, Azərbaycan dövlət rus teatrı açılıb, Üzeyir Hacıbəylinin "Koroğlu" operası ilk dəfə tamaşaya qoyulub, “Neftçi” Futbol Klubu yaradılıb, dünyada ilk dəfə dənizdə - Neft Daşlarında ilk quyu fontan vurub, Sumqayıt şəhərinin əsası qoyulub, Qafqaz bölgəsində ilk ən iri suvarma sistemlərindən olan Samur-Dəvəçi kanalı işə düşüb, "Space" televiziyası fəaliyyətə başlayıb və s.

Öküz ilində doğulan məşhurlarımız da az deyil: Şıxəli Qurbanov, Fərman Kərimzadə, Eldəniz Zeynalov, Əli Zeynalov, Əliağa Ağayev, Ənvər Məmmədxanlı, Hökümə Qurbanova, Aqşin Əlizadə, Emin Sabitoğlu, Əkrəm Əylisli, Musa Yaqub, Tofiq Bəhramov, Muxtar Dadaşov, Nigar Rəfibəyli, Rauf Atakişiyev, Hüseynağa Atakişiyev, İlham Namiq Kamal, İlham Rəhimli, Qəndab Quliyeva, Mərahim Fərzəlibəyov, Nailə İslamzadə, Salatın Əsgərova, Sevil Nuriyeva, Vaqif Gərayzadə, Tünzalə Əliyeva (Toppuş bacı), Azər Axşam, Gülyanaq Məmmədova, Dilqəm Əhməd, Pərviz Bülbülə, Sevda Yahyayeva, Xəyalə Manaflı...

Siyasi proqnozlar

Dünyamız heç vaxt 2020-ci il qədər narahat olmayıb. Hətta dünya müharibələri dönəmində belə planetimizin əksər hissəsi atəş səslərindən, ölüm kabusundan uzaq idi. Bu gün isə məlum pandemiya səbəbindən dünyanın ahəngi, insanların bioritmi pozulub. Ona görə də 2021-ci il haqqında düşüncələrə vaqif olanda Yer əhalisini başlıca düşündürən sual budur: koronavirus infeksiyası bitəcəkmi? Əslində bu suala cavab tapmaq o qədər də asan deyil, zatən asan olsaydı, dünya alimləri, tibbi mütəxəssislər, ən güclü laboratoriya və elmi mərkəzlər buna konkret cavab verərdi.

Cavablar bir-birinə ziddir, müəmmalıdır, bəzən də qorxuludur.

Məsələn, ABŞ prezidenti Donald Tramp pandemiyanın ilk çağlarında verdiyi açıqlamada bu virusun 70 milyon insanın ölümünə səbəb olacağını proqnozlaşdırdıqlarını deyirdi (bu gün heç 2 milyon da deyil). Onun rəqibi Co Bayden isə seçki kampaniyasında prezident seçildiyi təqdirdə ilin ilk rübündə dünyanı bu bəladan xilas edəcəyi vədini vermişdi. Bəs astrologiya nə deyir? Bu sahə hansısa xəstəliyin yaranacağı və ya bitəcəyi dövrü hesablaya bilmir, çünki mümkünsüzdür. Lakin dünyanın passiv (qapanma) dönəminin aktivləşmə keçidini təyin etməklə bu suala kifayət qədər olmasa da cavab verə bilər. O dönəm isə mayın sonlarından başlayacaq.

Pandemiyadan sonra insanlarımızı Qarabağla bağlı suallar düşündürür. Bu barədə öncə 20 ildən artıqdır dediyim bir devizi xatırladıram: Qarabağ heç vaxt erməninin olmayacaq – nə müstəqil, nə də Ermənistanın tərkibində. Proqnozlara gəlincə, 2021-ci ildə xırda antiterror əməliyyatlarını nəzərə almasaq, Qarabağda hər hansı müharibə olmayacaq. Türkiyə ordusu Azərbaycanda hərbi baza şəklində mövcud olmayacaq, heç rus ordusu da.

Rus demişkən, bu il Rusiya son 8 ilin ən ağır dönəmini yaşayacaq. Vladimir Putinin öz hakimiyyətini qoruması çətin olacaq. Elə Rəcəb Tayyib Ərdoğan adminstrasiyası üçün də 2021-ci il sınaqlarla dolu olacaq, xüsusən də ilin ilk yarısında. Ermənistana gəlincə, əgər fevralın ortasına qədər Nikol Paşinyan hakimiyyətini qoruya bilsə, ilin sonuna qədər istefası mümkün olmayacaq.

İnsanlarımızı narahat edən üçüncü məsələ devalvasiya ilə bağlıdır ki, astroloji göstəricilər may ayına qədər bunun baş verəcəyini təkzib edir. Azərbaycanın siyasi mənzərəsini düşünənlərə isə əsas bir proqnozu verə bilərik ki, il ərzində ölkəmizdə hər hansı növbədənkənar seçki olmayacaq. Lakin məmuriyyətin yarıya qədəri yenilənəcək. Məncə bu iki amil mənzərəni kifayət qədər təsəvvür etməyə imkan yaradır.

Öküz ili üçün xarakterik olan vulkan və zəlzələlər planetimizdə aktivlik dönəmi yaşayacaq. Bu il Fələstinlə İsrail arasında sülhə doğru ilkin addımları görəcəyik. Ümumiyyətlə, payıza qədər dünyada böyük hərbi qarşıdurmalar olmayacaq, konfliktlər təhdiddən o yana keçməyəcək. İl ərzində Avstriya, Qafqaz, Çin, Yaponiya, Tailand, Sibir, İrlandiya, Polşa, İraq, İran, Əfqanıstan, Avstraliya və İsveçrə aktiv bölgələr olacaq.

Sonda

Öküz ili insanlardan iki şeyi eyni vaxtda istəyir: haqlı və güclü olmaq. Kim bu iki amili özündə cəmləşdirə bilsə, qalib də o olacaq. İlimiz uğurlu gəlsin! Amin!

Səbuhi Rəhimli, avestaşünas-astroloq, məxsusi olaraq Bizim.Media üçün
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin