Uzun müddətdir ki, “Youtube” platformasında videoları izləmədən öncə qarşımıza çıxan reklamların hər birimizi təngə gətirdiyini söyləyə bilərik. Bununla bağlı cəmiyyətin fikri də demək olar ki, oxşardır.
Lakin son həftələrdə yayılan reklamların biri, istifadəçiləri narahat etməklə yanaşı, qanunazidd çağırışları da özündə ehtiva edir.
Söhbət, yəqin ki, hər birimizin qarşısına çıxan qumar oyunu ilə bağlı çağırışdan gedir. Çox qısa müddət ərzində fantastik məbləğlər qazandığını, 2 yeni “Audi” markalı avtomobil aldığını deyən gənc oğlanın baş obrazı canlandırdığı reklamlarda qumar oyununun təbliğatı aparılır. Reklamda həmçinin yeni başlayanlar üçün həvəsləndirmə məqsədilə “10 free spin”in (ödəniş etmədən 10 dəfə cəhd etmək) verildiyi də qeyd olunur.
MÖVZU İLƏ BAĞLI:
Baş Prokurorluqdan qanunsuz mərc oyunları ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Təbii ki, bunun ilk baxışdan fırıldaqçılıq olduğu aşkar görünsə də, asan qazanc əldə etmək məqsədilə bir çox insanın bu tip oyunlara aldanaraq, ciddi maddi vəsait itirdiyini də qeyd etmək vacibdir.
Bəs, bu cür reklamların qarşısını necə ala bilərik?
Sualı Bizim.Media üçün cavablandıran texnobloqer Fərid Pərdəşünas ilk olaraq sözügedən reklamların tətbiqlərə necə nüfuz edə bildiyini açıqlayıb:
“Yutubda qumar oyunlarının reklamı qadağandır. Lakin bu şəxslər platformanın alqoritmini yanıltmaq üçün bir sıra vasitələrdən istifadə edərək, onu başqa məzmunda təqdim edirlər və bu yolla reklamı yutuba keçirə bilirlər. Belə olan halda, biz ara-sıra görürük ki, sosial şəbəkələrdə belə reklamlar qarşımıza çıxır.
Buna səbəb isə, “Facebook”, “Youtube” alqoritmlərində olan boşuqlardır ki, onu aldada bilirlər. Bu cür saxta tətbiqləri “Playstore” vasitəsilə yükləyib, insanların pullarını da mənimsəyə bilirlər”.
Texnobloqer həmin reklamlara qarşı ən effektiv mübarizə üsuluna da aydınlıq gətirib:
“Vətəndaşlar bu cür hallarla qarşılaşanda, dərhal reklamı şikayət etməlidir ki, bu barədə yutuba bildiriş getsin və həmin bildirişə baxan insanlar dərhal həmin reklamı bloklasınlar ki, reklam yayımdan qaldırılsın. Bir sözlə, ən məntiqli addım həmin reklamlar qarşımıza çıxdığı anda onları şikayət etməkdir. Bunun üçün başqa bir metod yoxdur”.
Fərid Pərdəşünas sözügedən reklamlarla bağlı rəsmi tədbirlərin görülməsinin mümkünsüz olduğunu da diqqətə çatıdırıb:
“Qanunvericiliklə də, bu cür reklamlar qadağandır. Lakin burada dövlətin edə biləcəyi heç nə yoxdur. Çünki dövlət “Youtube”, “Facebook” kimi platformalara müdaxilə edə bilməz”.
Murad Əhmədov, Bizim.Media