Son vaxtlar Gəncə sahibsiz itlər məkanına çevrilib. Şəhərin istənilən ərazisində vəhşiləşmiş küçə itlərinin vətəndaşlara, xüsusilə azyaşlılara hücumu barədə məlumatlar alırıq. Bu günlərdə belə bir hadisə Gəncənin tanınmış istirahət məkanı olan Xan Bağında yaşanıb. Səhər idman etmək üçün bağa toplaşan bir qrup azyaşlıya itlər sürü ilə hücum edib. Xoşbəxtlikdən yaxında olan insanlar daşla, kəsəklə itləri ərazidən uzaqlaşdıra biliblər. Bu həmin parkda ilk hadisə deyil.
Gəncənin kənar məhəllələrində, xüsusilə Mahrasa Bağı adlanan ərazidə isə vəziyyət daha acınacaqlıdır. Azğınlaşmış itlərin əlindən küçəyə çıxmaq müşkülləşib.
Sahibsiz itlərin küçələrdən yığışdırılması ilə bağlı Gəncə sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Gəncə Mənzil Kommunal İstehsalat Birliyinin mətbuat katibi Vüsal Balayev həqiqətən də sözügedən problemin mövcudluğunu təsdiqləyib:
“Hansı ərazidən sahibsiz itlərlə bağlı şikayət gəlirsə, əməkdaşlarımız həmin itləri xüsusi qurğuların köməyi ilə yaxalayıb yaşayış ərazilərindən uzaqlaşdırırlar. Düzdür, bir müddət ərazi itlərdən təmizlənsə də, sonradan yenə də artır və çoxalırlar”, - deyə qurum rəsmisi çıxış yolu göstərməyib.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər mənzil kommunal təsərrüfatı istehsalat birliyi, Gəncə Bələdiyyəsi və Baytarlıq İdarəsinin əməkdaşlarından ibarət maraqlı təşəbbüsə imza atılıb.
Bir qrup ziyalıdan ibarət Gəncə İctimai İştirakçılıq Məclisi sahibsiz küçə itləri üçün şəhərdə ilk dəfə olaraq ilk pilot layihə kimi sığınacaq yaratmaq qərarına gəlib.
Bu barədə saytımıza danışan Gəncə İctimai İştirakçılıq Məclisinin üzvü, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov sahibsiz küçə itlərinin zərərsizləşdirilməsi ilə özləri məşğul olacaqlarını açıqlayıb:
“Uzun müddət bu sahə baxımsız qaldığından küçə itləri xeyli sayda artıb və indi çox böyük problemə çevrilib. Biz Gəncə İctimai İştirakçılıq Məclisinin üzvləri hər toplantıda bu problemin həllini gündəmə gətirirdik.
Gəncədə heyvansevər bir iş adamı şəhərin kənarında olan öz sahəsini sığınacaq üçün istifadə edilməsinə razılıq verib. Burada təxminən 50 iti yerləşdirmək imkanı var. Aidiyyatı qurumlar da bu məsələdə bizə dəstək vermək arzusundadırlar. Ümidvaram ki, yaxın vaxtlarda bu layihənin reallaşdırılmasına başlayacağıq”, - deyə Müzadil Həsənov əlavə edib.
Müsahibimiz pilot layihənin davamı olaraq daha böyük sığınacaqlar yaradılacağına ümid etdiyini dilə gətirib:
“50 itlik bu sığınacaq Gəncə kimi bir şəhərin problemini tam həll edə bilməz. Biz hissə-hissə şəhər ərazisində olan küçə itlərini sığınacağa gətirərək baytar həkimlərinin köməyi ilə lazımı dərman və vaksinləri vurmaq, sterilləşdirilmə (axtalama) aparılması nəticəsində onları qısırlaşdırmaq, bununla da bir müddət sonra onların sayında azalma yaratmaq istəyirik. Hər bir qanuni prosedurları keçdikdən sonra həmin itlər artıq şəhərin mərkəzi yerlərindən kənarlara aparılacaq və onların qulaqlarında xüsusi birkalar vurulacaq.
Bununla da həmin itlər cəmiyyət üçün heç bir təhlükə daşımayacaq. Ümid edirik ki, şəhərin daha başqa heyvansevər könüllüləri bu təşəbüsümüzdə iştirak edəcəklər”.
Müzadil Həsənovun sözlərinə görə itlərin yeməklə təminatı məsələsi də artıq müzakirə olunub. Belə ki, Gəncədə fəaliyyət göstərən bəzi kafe və restoranlar, şadlıq evləri bu məsələdə yardımçı olacaqlar.
Məqsəd Rəhimov Bizim.Media